Xalq artisti Nurəddin Mehdixanlı teatr rəhbərinə qarşı sərt ittihamlar irəli sürdü » Memur.az

Xalq artisti Nurəddin Mehdixanlı teatr rəhbərinə qarşı sərt ittihamlar irəli sürdü

Xalq artisti Nurəddin Mehdixanlı teatr rəhbərinə qarşı sərt ittihamlar irəli sürdü

“Biz adamyeyən, terrorçu deyilik”


Sonuncu görüşümüz bir neçə il əvvəl “Cavad xan” filminin premyerasından sonra olmuşdu. Gəncə xanı rolunu oynamağından çox qürurluydu, yaratmaq eşqiylə danışırdı. Bu dəfə onu yorğun, bir az da qocalmış, hətta bezikmiş gördüm. Hətta söhbətin sonunda sənətə gəldiyinə görə peşmançılığını da etiraf etdi. Xalq artisti Nurəddin Mehdixanlıdır həmsöhbətim. Neçə müddətdir səhnələşdirdiyi tamaşaları ilə deyil, qalmaqalları ilə gündəmdə olan Akademik Milli Dram Teatrında baş verənlərdən danışdıq. Elə teatrın qarşısındakı çayxanada...

- Nurəddin bəy, Akademik Milli Dram Teatrında nə baş verir?

- Yanlışlıqlar həmişə cəmiyyətdə problemlər yaradır, faciələrə səbəb olur. Yanlış yanaşma, yanlış münasibət, yanlış təyinat da eləcə... Akademik Milli Dram Teatrın ən böyük problemi ondan ibarətdir ki, yanlışlıqlar burulğanına salıblar. Bütün mənalarda. Əgər rejissor rolları düzgün bölmürsə, o tamaşa alınmayacaq. Əgər o tamaşanın yükünü daşıyacaq aktyorlar gücünə və imkanlarına görə öz rollarını almayıblarsa, orda uğurdan söhbət gedə bilməz. İdarəçilikdə də belədir. Yanlış təyinatlar, adamların layiq olmadığı yerdə olması problemlər yaradır, Akademik Milli Dram Teatrı da bu gün bunu yaşayır. Düzdür, bəziləri deyirlər İsrafil İsrafilov sənətşünaslıq elmlər doktoru, professordur, kitablar müəllifidir. Amma unutmaq lazım deyil ki, professor, elmlər doktoru olmaq hələ idarəçi olmaq demək deyil. Mən İsrafil İsrafilovu indi tanımıram ki. Onu Tədris Teatrının direktoru olduğu vaxtdan tanıyıram. Aktyorluq fakültəsini qurtarıb, amma aktyor ola bilməyib. Sonradan başqa sahəyə keçib. Mərkəzi Komitədə məsləhətçi, müşavir kimi işləyib. Ayaz Mütəllibovun rəhbərliyi vaxtında Abşeron rayonunun 1-ci katibi olub. Daha sonra muzey direktoru işləyib, bizim teatra da ordan gəlib. Artıq 6-cı ildir burdadır. Yəni nəzəri cəhətdən bu sahəni bilmək praktiki olaraq bu sahədə idarəçi olmaq üçün yetərli deyil.

- Direktorla aranızdakı konflikt nə vaxtdan başlayıb?

- Əslində ilk gündən. Amma kollektivimiz səbr edib. Milli Kitabxanada hörmətli nazir Əbülfəs Qarayev və digər şəxslərin iştirakı ilə böyük bir təqdimat keçirilmişdi.

- Kollektivin öz namizədi var idimi?

- Faktiki olaraq yox idi. O zaman biz bu məsələlərə qarışmadıq. Həm də idarəçilik sistemi deyilən bir şey var, rəhbərliyi nazirlik müəyyən edir, sadəcə, kollektivə təqdim edir.

- Bəlkə doğrudan da direktor yeni kollektivlə ciddi iş görmək istəyir?

- Hansı kollektiv? Gətirdiklərini də gördük. Gəlib 143 illik teatrın kollektivi ilə görüşürsənsə, sən hörmətlə yanaşacaqsan! İkincisi, teatr spesifik bir yerdir. Burda “mən onun işini görməyəcəm”, “o, mənim rolumu oynayacaq” kimi məsələlər yoxdur. Direktora bütün səlahiyyətlər verilib. Ölkədə bütün teatrlarda baş rejissor var idi, Dram Teatrdan başqa. Bütün məsələləri direktor həll edir. Deməli, yaradıcılıq prosesinə də birbaşa rəhbərlik edir. Deyir, mən səni bu tamaşada da görmürəm, o birisində də...
- Yəni narazılıq rol üstündə yaranıb?
- Narazılıq təkcə rola görə deyil. Daha çox dezolar yayılır. Əslində o baş verir ki, Akademik Milli Dram Teatrına tamaşaçı gətirən ən uğurlu tamaşaları repertuarından çıxartdı.

- Konkretləşdirsək...

- Əli Əmirlinin “Messenat”ını, “Varlı qadın”ını, Mir Cəlal Paşayevin “Dirilən adam”ını, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”ını - hansı ki, Türkiyənin 35 şəhərində nümayiş olunub.

- Səbəb nədir?

- Səbəbini ondan soruşmaq lazımdır. Deyir, bu tamaşalar xoşuma gəlmir, mən yeni tamaşalar quracağam. Qur! Hansı ki, o tamaşalar tamaşaçı cəlb edirdi və teatr pul qazanırdı. “Messebat” ayda iki dəfə dolu zalla oynanılırdı. “Dirilən adam” həmçinin...
- Elə isə qazanc gətirən, teatrın imicini qaldıran tamaşalardan direktor niyə imtina etməlidir ki?

- İsrafil İsrafilov Akademik Milli Dram Teatrının kollektivini sevmir! Bunu bütün hərəkətləri ilə göstərdi və sübut etdi. Tanınan aktyorları, hansı ki, tamaşaçı onlara görə gəlirdi, onların hamısını ikinci plana keçirdi. “Mən yeni teatr qururam” deyə, başqa teatrdan aktyorlar dəvət etdi. Dəvət edərlər. Amma əgər mənim teatrımda Firuz Xudaverdiyev varsa, ora ikinci, üçüncü Firuzu gətirməyin nə mənası var?

- Teatrdan hansı məşhurlar uzaqlaşdırılıb?

- Teatrdan uzaqlaşdırmaq təkcə ştatdan çıxartmaq demək deyil. Səni əgər repertuardan kənarda qoyurlarsa, deməli, artıq kənardasan.

- Narazıların adlarını çəkə bilərsinizmi?

- Biz narazı deyilik. Biz teatrımızı dağıdan, kollektivi bir-birinə düşmən edən bir adamın fəaliyyətindən narazıyıq! Yaradıcılıq işləri göz önündə. Məhz İsrafil İsrafilovun dövründə repertuara salınan tamaşalar dəvətnaməyə möhtac tamaşalardır. Təsəvvür edin, 2013-cü ildə maliyyə göstəricilərinə və tamaşaçı sayına görə 100 faizi keçən teatr indi 40 faizin altına düşüb. Bu, dövlətin teatrıdır, dövlət sənə pulu ona görə verir ki, sən iş görüb qazanc əldə edəsən.
Mən yenə deyirəm, bizim İsrafil İsrafilovun təyinatına etirazımız olmayıb. Amma gəldiyi gün kollektivi təhqir edib və aşağılayıb. Bizsə susmuşuq. Çünki ayrılıqda görüşüb demişdi ki, filan işləri görmək istəyirəm. Amma sonra gördük ki, bunlar sadəcə sözmüş. 1 il, 2 il dözdük ki, adam gəlib hansısa işləri görəcək. Bu, nə dərəcədə doğrudur ki, 15, 20, 30 il teatrda çalışmış insanı “islahat” adı altında kənara qoyursan, həm də onun əmək hüququnu pozaraq. Sonra gördülər ki, bütün kollektivi işdən çıxartmaq məsələsi alınmır, başqa metod seçdilər. Başladılar bizimlə illik müqavilə bağlamağa. Hər il müqavilə bağlamaq da kollektivi təzyiq altında saxlamağa xidmət edirdi ki, “susun, kim danışsa, növbəti il səninlə müqavilə bağlamayacağam”. Digər tərəfdən, teatrda o tamaşalar ki var idi, əsas heyət iştirak edirdi, o tamaşalar repertuardan çıxarıldı. Biz yeniliyin əleyhinə deyilik. Amma o tamaşalar gəlsin ki, tamaşaçı ona baxır. O aktyorlar işləsin ki, tamaşaçı ona baxmaq istəsin. Elşən Rüstəmovun Gənc Tamaşaçılar Teatrından Akademik Milli Dram Teatrına gəlişinə heç kəsin etirazı yoxdur. Amma eyni zamanda onu deyirik ki, bizdə də elşənrüstəmovlardan var. O aktyor, aktrisa gəlsin ki, onlardan burda yoxdur. Daha 2-3-cü kurs tələbələrini bura gətirməyin. Biz demirik ki, teatrın repertuarını biz idarə edək. Deyirik ki, teatrın repertuarı ağıllı şəkildə qurulmalı, bütün heyət orda olmalıdır.
- Rafiq Əzimov, Ramiz Məlikov, Rəfail Dadaşov, Bəsti Cəfərova, Sənubər İsgəndərova, Vəfa Rzayevə, Kazım Abdullayev, Firəngiz Mütəllibova, mənəm, İlham Əsgərov idi... Cavanlarımız var, Eldar Qarayev, Elçin, Cümşüd, Mətləb Abdullayev, Rövşən Kərimduxtdu. Belə aktyorlar arxa plana keçirilir, birinci hissəni dəvətnamə ilə doldurursan, ikinci hissədə baxırsan ki, zalda 20-30 nəfər qalır. Akademik Milli Dram Teatrı niyə bu günə qoyulmalıydı?! Mənim İsrafil İsrafilovla heç bir şəxsi problemim, istəyim yoxdur. Mən bu sənətdə ən yüksək mükafatımı almışam, Xalq artistiyəm, prezident mükafatı alıram. Ölkə başçısına təşəkkür edirəm ki, mənə ad günümdə mənzil bağışladı. Mən heç nə istəmirəm. Amma 143 il tarixi olan teatrın daxili atmosferi zəhərlənib, repertuar dağıdılıb. Tamaşalar 15 günə, 1 aya hazırlanır, ildırım sürətilə. Ömrü də 3 gün olur. Bunlara pul, zəhmət sərf olunur, 3-4 dəfədən sonra repertuardan çıxarılır. Biz ildə 4 tamaşa hazırlayırdıq, indi fəxrlə deyir ki, “ildə 12 tamaşa hazırlayıram”. Sənin hazırladığın o tamaşaların neçəsi indi repertuardadır, nə qədər qazanc gətirib? 20 il xərclədiyin tamaşa 3-4 ildə 3-5 min pul gətirib. Amma tamaşa var 3-5 min manat xərclənib, teatra 30-35 min qazanc gətirib. Nədən o tamaşalar 2-3 ayda bir dəfə salınır? Lakin digər tamaşalar camaatın gözünü “mazol” eləyib, dəvətnamə ilə teatrı doldurursan. Dəvətnamə verdiyin insanı sabah sən bilet satmaqla teatra gətirə bilməyəcəksən.

- Amma bu müddətdə festivallarda da olmusunuz...

- Biz “Xəcalət” tamaşası ilə Yalta Beynəlxalq Teatr Festivalına getdik, orda ən yüksək aktyor ustalığına görə nominasiyası üzrə mükafat aldıq. Bu tamaşanı Bəhram Osmanov hazırlayıb. Bu, teatrın ilk beynəlxalq mükafati idi. 140 illik tarixində teatr beynəlxalq festivallarda fəxri fərman da gətirməyib. Ardınca Serbiyada, Moldovada mükafat aldıq. Lakin bu barədə heç yerdə bir informasiya verilmədi.

- Qısqanclıq var?

- Şübhəsiz. Çünki bu tamaşa onun rəhbərlik etdiyi vaxtda qoyulmayıb. Amma öz rəhbərliyi vaxtında qoyulan tamaşaları beynəlxalq festivallara aparır, heç bir mükafat almadan qayıdıb gəlirlər. İndi görün onların təbliğatı necə gedir. “Xəcalət”in aktyorlarını Gürcüstanda tamaşaçılar ayaq üstə alqışladı. Səhnə arxasında bizimlə görüş üçün növbə var idi, bu, gürcü tamaşaçısı, sənətkarları idi, boynumuzu qucaqlayırdılar. Səhərisi gün başqa tamaşanı göstərdik - “Lənkəran xanının vəziri” tamaşasını. Lakin sonda bir nəfər səhnə arxasına keçib bizi təbrik etmədi. Bizə deyirdilər ki, siz dünən yüksək səviyyədə tamaşa oynadınız, bunu göstərmək nəyinizə lazım idi?
- Dedikləriniz bir daha sübut edir ki, narazılıq kifayət qədərdir. Direktor kollektivi yığıb onları şəxsən dinləyibmi?
- O, bizimlə mətbuat vasitəsilə danışır. Dəfələrlə demişik ki, qardaş, teatrda problemlər var, gəl yaradıcı heyəti bir yerə yığ, dərdlərimizi deyək! Bu, oddan qorxan kimi, kollektivin bir yerə yığılmasından qorxur. “İclas” deyən kimi, “yox, olmaz!” Niyə olmaz, biz adamyeyən, adam öldürən deyilik. Bu, onu xoşlayır ki, bir-bir kabinetinə çağırsın, tək-tək söhbət eləsin, sonra da çıxıb “üzr istəməyə gəlmişdi” desin. Mənimlə də iki-üç dəfə görüşüb. Biz deyirik bu, raykom katibliyi deyil, biz yaradıcı insanlarıq, gəl, bir yerdə toplantı edək, problemlərimizdən danışaq. Ancaq texniki işçiləri yığıb barmaq silkələyir. Teatrın ürəyi yaradıcı heyətdir, sən bunlarla niyə görüşmürsən? Biz terrorçu deyilik. Amma İsrafil İsrafilovun rəhbərliyi dövründə Azər Mirzəyev kimi aktyor insultdan dünyasını dəyişdi. İlham Əsgərov kimi aktyoru itirdik.

- Bu itkilərə görə də direktor günahkardır?

- Mən yüzdə-yüz əminəm ki, bu insanların ölümünə səbəb burda olan atmosferdir! İnsan hər gün bu qədər əsəbi olarmı?

- İlham Əsgərovla mübahisələri olmuşdumu?

- Dəfələrlə. Məşq proseslərində. Elə 2011-ci ildə “Qarabağnamə”nin məşq prosesində insult oldu. Firəngiz Mütəllibovanın yazılarına baxın. Ona görə də deyirəm ki, növbədə mənəm. İlham Əsgərov teatrın qurbanıdır, qardaşım! Bəziləri deyir bu məsələni şişirtməyin. İnsan dünyasını dəyişib, xalq artisti! Bu adamın 57 yaşı var idi. Bu adamın arzuları var idi. Bircə qız övladı vardı, heç olmasa toyunu görmədi, dünyasını dəyişdi, getdi. İlham sapsağlam adam idi. İnsultu mübahisələrin, savaşların nəticəsində aldı. İndi bizə deyirlər niyə gəlib teatrda oturmursunuz? Mənim işim olmayanda teatra getmirəm. Otururam burda, çayımı içib söhbətimi edirəm.

- Bəs məşqiniz olanda?

- Olanda gedirəm. Əks təqdirdə, mənim ordakı qeybətlərə qulaq asmağa vaxtım yoxdur.

- İndi hansı tamaşanı məşq edirsiniz?

- Demək olar ki, yeni heç bir tamaşam yoxdur. Sonuncu tamaşam “21.15 qatarı” olub, Bəhram Osmanov hazırlayıb, bu gün də onun məşqidir. Ayın 27-sində olacaq, buyurun, gəlin.

- Direktor da baxacaq?

- Əlbəttə. Amma ictimai baxış oldu, gəlib təbrik eləmədi. Türkiyədən müəllif gəlmişdi, o, gəlib təbrik elədi, direktorsa yox. Biz məgər düşmənik? Sən mənə düşmənçilik edirsən, mən yox. Onsuz da biz bu sənətə gəlməklə itirmişik, qazandığımız bir şey yox. Başqa peşənin sahibi olsaq, bəlkə rahat yaşayardıq, ailəmizə bu qədər problemlər yaşatmazdıq. Kimin ixtiyarı var ki, aktyora “başını aşağı sal, get, işini gör” desin? Bu, çox alçaq bir ifadədir. Bu, nə deməkdir? Mən müstəqil bir ölkənin vətəndaşıyam. Mənim bayrağım necə dikdirsə, mənim başım da o cür ucadır. Mən nə qul deyiləm, nə kölə. Sən hansı haqla mənə belə yanaşırsan?!

- Direktordan 29 nəfər prezidentə şikayət yazmışdı...

- Sizi əmin edirəm, teatrın 99 faizi o fikirlə razıdır, amma bəziləri çəkinir, qorxur. Amma biz ona məcbur olduq. Məgər dövlət başçısının başqa iş-gücü yoxdur ki, bu işə də müdaxilə etsin? Lakin 5 il bizi eşitmədi bu sahəyə məsul insanlar. Nazirlikdən “hər şey yaxşı olacaq” dedilər, heç nə dəyişmədi. Ancaq cənab prezidentə məktub çatandan 1 saat sonra məsələyə reaksiya verildi, həmin gün Azərpaşa Nemətov teatra bədii rəhbər və baş rejissor təyin olundu. Artıq bütün səlahiyyətlər ondadır. Bəs 5 il ərzində bu sahəyə məsul şəxslər niyə bir addım atmırdılar, gərək prezident müdaxilə edəydi..?