“Zərifə Əliyevanın yetirmələri Azərbaycanda oftalmologiyanın inkişafında mühüm rol oynayıblar” - RƏY » Memur.az

“Zərifə Əliyevanın yetirmələri Azərbaycanda oftalmologiyanın inkişafında mühüm rol oynayıblar” - RƏY

“Zərifə Əliyevanın yetirmələri Azərbaycanda oftalmologiyanın inkişafında mühüm rol oynayıblar” - RƏY“Zərifə Əliyevanın yetişdirdiyi həkimlər Azərbaycanda oftalmologiyanın inkişafında mühüm rol oynayıblar”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O xatırladıb ki, aprelin 28-də görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümüdür:

“Biz Zərifə xanımın həyatına diqqət yetirsək, onun gələcəkdə müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarını qoyan, alt strukturda baza rolunu oynayacaq fikirləri daşıyan görkəmli bir insanın ailəsində dünyaya göz açdığını görərik. Zərifə xanımın atası da Azərbaycan ziyalısı kimi Qafqazda böyük nüfuza malik olmaqla yanaşı, eyni zamanda tibb sahəsində görkəmli mütəxəssis olub. Bununla yanaşı, milli dəyərlərimizə sədaqətlə bağlı olan bir ailənin başçısı olub. Bu dəyərləri özündə birləşdirən Zərifə xanım da bir növ onu örnək olaraq göstərib”.M.Məmmədli xatırladıb ki, tibb sahəsində Azərbaycan xalqını dünyada təmsil edən böyük alimlər olub:

“Ancaq Zərifə Əliyeva Azərbaycan tarixinə adını həm oftalmoloq, həm böyük dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı, həmçinin 200 illik məğlubiyyətlər silsiləsindən qurtarmış, işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb. Təbii ki, Zərifə Əliyevanın əsərlərinə, monoqrafiyalarına, xüsusilə traxomanın müalicəsi ilə bağlı elmi işlərinə diqqət yetirsək, Moskvada yaşamasına, digər bütün çətinliklərə baxmayaraq, alim kimi fəaliyyətini davam etdirdiyini və Azərbaycanın oftalmologiya elminə öz töhfələrini verdiyini görərik. Bunun nəticəsində yeni nəsil Azərbaycan oftalmoloqları yetişib və həmin həkimlər gələcəkdə Azərbaycanda tibbin bu sahəsinin inkişafında mühüm rol oynayıblar”.

“Ali Baş Komandan yetişdirmiş uca Azərbaycan qadını kimi Zərifə xanımın xatirəsini dərin ehtiramla yad edirik. Biz Zərifə xanımın anadan olmasının 100 illiyində həm Azərbaycan elminə töhfə vermiş bir alimin, həm də Azərbaycan tarixində müzəffər Ali Baş Komandanı yetişdirmiş bir ananın xalqımızın həyatında oynadığı önəmli rolu barədə çox diqqətlə düşünməliyik”, - deyə deputat vurğulayıb.