“Azdrama”da qastrol pulunu kim yeyir? - AÇIQLAMA » Memur.az

“Azdrama”da qastrol pulunu kim yeyir? - AÇIQLAMA

“Azdrama”da qastrol pulunu kim yeyir? - AÇIQLAMA

“Bu, nə Nurəddin Mehdixanlının, nə də Ramiz Novruzun biləcəyi işdir”.

Bu sözləri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xalq artisti Nurəddin Mehdixanlının onun qastrol pullarını mənimsəməsi iddiası haqda Axar.az-a danışarkən deyib: “Nurəddin Mehdixanlının iddiaları yüz faiz yanlışdır. Bu, nə Nurəddin Mehdixanlının, nə də Ramiz Novruzun biləcəyi işdir, bu, idarəetmə məsələsidir. Hazırda biz məzuniyyət məsələləri ilə məşğuluq. Kimin nə narazılığı varsa, məhkəməyə müraciət eləsin, qəzetlərə, saytlara danışmasın. Qəzetlər onun haqlarını müdafiə edəcək? “Filankəs teatrın sağ qapısından girməli idi, sol qapısından girib” və s. tipli söz-söhbəti mənə elə gəlir, qəzet səhifələrində, saytlarda yazmaq düzgün deyil. İndi hansısa aktyor bir rolu yaxşı oynamayıbsa, onu mətbuata çıxarmalıyıq? Xeyr, biz ona başa salırıq ki, düz oynamırsan. Adamın ailəsində bir problem olanda o haqda qəzetə, sayta danışmalıdır? Teatr da bir ailədir. Kimin narazılığı varsa, haqlarının pozulduğunu güman edirsə, məsələyə hüquqi müstəvidən yanaşsın və məhkəməyə müraciət etsin, onun haqqını pozan şəxs də cavab versin. Biz demokratik dövlətdə yaşayırıq”.

Xatırladaq ki, xalq artisti Nurəddin Mehdixanlı Ölkə.az-a açıqlamasında teatrın direktoru İsrafil İsrafilovun son üç qastroldan 5 min manata yaxın pul mənimsədiyini bildirib.