Əhalinin orta aylıq əməkhaqqı artıb » Memur.az

Əhalinin orta aylıq əməkhaqqı artıb

Əhalinin orta aylıq əməkhaqqı artıb2020-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 min nəfər və ya 2,7 faiz artıb.

Memur.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə müqavilələr əsasında çalışan işçilərin sayı 1 milyon 685,3 min nəfər olub, onlardan 914,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 770,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artaraq 704,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.