Azərbaycanda qızıl istehsalı artırılıb » Memur.az

Azərbaycanda qızıl istehsalı artırılıb

Azərbaycanda qızıl istehsalı artırılıb

Kəpəz TV-nin (Region TV) verdiyi xəbərə görə, qızıl istehsalı sahəsində fəaliyyət göstərən "Anglo Asian Mininq PLC" şirkəti Gədəbəy qızıl mədənində yeni yeraltı Qədir yatağından hasilata başlayıb.

2009-cu ildən fəaliyyətə başlayan Gədəbəy mədən kompleksində gündəlik olaraq 25 min ton dağ süxuru kompleksin ərazisindəki müxtəlif təyinatlı 3 zavodda mərhələli şəkildə saflaşdırılır. Daşınan 25 min ton süxurdan 6 min ton filiz əldə olunur. Bunun üçün mədəndə mütəxəssislər tərəfindən xüsusi təhlükəsizlik qaydaları çərçivəsində partlayışlar törədilir.
Gün ərzində yerüstü mədəndə 3, yeraltı mədəndə isə 6 partlayış həyata keçirilir. Partladılan filiz kütlələri yaxınlıqdakı emal zavodlarına daşınır.
Bu il istifadəyə verilən yeraltı Qədir yatağı isə Gədəbəy mədən kompleksindən 1 kilometr aralıda yerləşir. Bu günədək yataqdan 10 min tondan artıq filiz hasil edilib. İlin sonuna kimi 70-75 unsiya qızıl hasilatı planlaşdırılır ki, bunun da bir hissəsi yeni istifadəyə verilən yataqlar hesabına ödəniləcək.

Rövşən Kazımov: "Anglo Asian Mining PLC"nin meneceri: "Artıq şaxtada da bizim işlər başlayıb. Gündəlik filiz hasilatımız 500 tondur. Gələn ildən bizim məhsuldarlığımız bundan 2 dəfə də artıq olacaq. Əlbəttə ki, bununla əlaqədar yeni filatasiya zavodu gələn ilin yanvar ayında tam gücü ilə işə salınacaq".

Məlumat üçün bildirək ki, bu ilin birinci rübü ərzində yeni istifadəyə verilən yataqların hasilatı da daxil olmaqla ümumilikdə 17193 unsiya qızıl hasil edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 52 faiz daha çoxdur. Bununla yanaşı, 182 ton mis və 1950 unsiya gümüş hasil edilib.