YAP: Hər bir işçinin taleyi dövlət başçısının diqqətindədir » Memur.az

YAP: Hər bir işçinin taleyi dövlət başçısının diqqətindədir

YAP: Hər bir işçinin taleyi dövlət başçısının diqqətindədirSahibkarlıq iqtisadiyyatın şah damarıdır. Sahibkar yoxlamalardan əziyyət çəkməməlidir.
Bunu Memur.Az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin iclasda qaldırdığı bir çox məsələlər müvafiq qurumlar tərəfindən daim araşdırılmalı və onlara çevik reaksiya verilməlidir: "Dövlət başçısı iclasda qənaətcillik məsələsinə toxundu. Əlbəttə ki, bu, görülən işlərin maliyyə tutumunun maksimum optimallaşmasına gətirib çıxarır. Digər tərəfdən cənab prezident sahibkarlığın inkişafı, eləcə də sahibkarlıq subyektlərinin lüzumsuz şəkildə yoxlanılması məsələsini qaldırdı və buna son qoyulmasını tələb etdi. Bunun nəticəsidir ki, iclasdan bir az sonra bir sıra nazirliklər əsassız yoxlamaların dayandırılması barəsində qərarlar qəbul etdilər. Digər məsələ isə iş yerlərinin artırılmasına ciddi diqqətin artırılması oldu. Dövlət başçısı 30 min iş yerinin bağlanmasının narahatedici rəqəm olduğunu və bu məsələlərə ciddi diqqət yetirməyin vacibliyini vurğuladı. Hər bir iş yeri və oradakı işçinin taleyi dövlət başçısının diqqətindədir".

Qaldırılan problemlərin həllinə gəlincə, A.Mirzəzadənin fikrincə, dövlət başçısı bununla bağlı elə həmin iclasda lazımi istiqamətləri də göstərib: "Birincisi, bu, lüzumsuz yoxlamaların dayandırılması, onların azaldılması və konkret halların müəyyənləşdirilməsidir. Sahibkarlıq iqtisadiyyatın şah damarıdır. Sahibkar yoxlamalardan əziyyət çəkməməlidir. Yalnız bu halda o, biznesini genişləndirməyə və iş yerlərini artırmağa nail ola bilər.
İkincisi, lisenziyalaşdırılan sahələrin və lisenziya üçün tələb olunan sənədlərin sayının azaldılmasıdır. Bu, vacib məsələlərdən biridir.
Üçüncüsü, sahibkarların dövlətlə münasibətlərdə "bir pəncərə" prinsipi ilə işləməsidir. Məsələn, cənab prezidentin təşəbbüsü ilə yazılan "ASAN Xidmət"ə vaxtaşırı olaraq bir çox nazirlikərin səlahiyyətlərinin verilməsinin özü sahibkarın bu məsələlərdə artıq az əziyyət çəkməsinin göstəricisidir.
Hesab edirəm ki, ümumən götürdükdə maliyyə-bank sisteminin çevik hərəkət etməsi, risklərin nəzərə alınması da vacib məqamlardandır".