Azərbaycan nümayəndə heyəti “Uralskiye lokomotivı” zavodunda olub » Memur.az

Azərbaycan nümayəndə heyəti “Uralskiye lokomotivı” zavodunda olub

Azərbaycan nümayəndə heyəti “Uralskiye lokomotivı” zavodunda olub

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan hökumət nümayəndə heyəti Yekaterinburqda keçirilmiş VI Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində “Uralskiye lokomotivı” zavodunda olub.

Memur.Az xəbər verir ki, “Sinara” qrupunun baş direktoru Mixail Xodorovski və “Uralskiye lokomotivı” zavodunun baş direktoru Aleksandr Saltayev müəssisənin məhsullarını və son tədqiqatların nəticələrini qonaqlara təqdim ediblər.

Nümayəndə heyəti müəssisənin istehsal kompleksində olub. 500 vahiddən çox ən müasir avadanlığın cəmləşdiyi bu kompleksdə arabacıqların yığma-qaynaq sahəsi Azərbaycan nümayəndələrinin böyük marağına səbəb olub. Burada qonaqlara 12 sərbəstlik dərəcəsinə malik olan ən müasir robotlaşdırılmış komplekslərin işini nümayiş etdiriblər. Rusiyada istehsal edilən sistemlər və dəstləşdirmə məlumatları əsasında yığılmış ES2Q seriyasından “Lastoçka” sürətli elektrik qatarı üçün nəzərdə tutulan, Rusiyada ilk dəfə yaradılmış arabacıq da böyük diqqətə səbəb olub. Sonra nümayəndə heyətinin üzvləri “Lastoçka” qatarında müəssisənin ərazisinə kiçik bir səfər edib, sürətli qatarlar istehsalının tam dövrəsi ilə tanış olublar.

Aleksandr Saltayev “Uralskiye lokomotivı” müəssisəsinin imkanlarından söhbət açaraq vurğulayıb ki, zavodda həm daxili, həm də xarici bazarlar, o cümlədən Azərbaycan Respublikasının ehtiyacları üçün yük elektrovozları və sərnişin qatarları istehsalının təşkil edilməsi üçün zəruri istehsal bazası və texnologiyalar vardır.

Azərbaycan nümayəndə heyətinin üzvləri zavodun istehsal kompleksi ilə tanışlığı başa çatdırandan sonra müasir yük qatarları istehsalı sahəsində zavodun uğurlu nəticələrini qeyd ediblər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib: “Bu gün biz ən dəqiq, yüksək texnoloji istehsal sahəsini gördük. Müəssisə istehsal güclərini artırır və rəqabət qabiliyyətli, eyni zamanda xarici analoqlardan daha ucuz məhsul buraxır. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr inkişaf etdiyinə görə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin yeni imkanları barədə məlumat almaq bizim üçün çox maraqlı oldu”.

Azərbaycan nümayəndə heyətini Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski, Sverdlovsk vilayəti hökumətinin sədri Denis Pasler və başqaları müşayiət ediblər.