“Azərbaycanın bank sektoru 40 faizlik devalvasiyaya tab gətirə bilər” » Memur.az

“Azərbaycanın bank sektoru 40 faizlik devalvasiyaya tab gətirə bilər”

“Azərbaycanın bank sektoru 40 faizlik devalvasiyaya tab gətirə bilər”

Yerli ekspertlər bildirirlər ki, bu baş verərsə, maliyyə sektorunun dayanıqlığı pozulacaq...

Azərbaycan iqtisadiyyatının növbəti devalvasiyaya tab gətirəcəyi barədə proqnozlar yayılıb. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun milli valyutanın əlavə 40 faizlik devalvasiyaya tab gətirə biləcəyi kapitala sahib olduğunu bəyan edib. Xəbərə görə, “Fitch”in analitikləri qeyd edirlər ki, Azərbaycan bank sistemi neftin ucuzlaşması və devalvasiyanın təsiri amillərinin təzyiqi altındadır. Bu risklər nəticəsində banklar zərərlərin örtülməsi üçün məhdud maliyyə vəsaitlərinə malikdir. Agentlik hesab edir ki, neft ixracına əsaslanan Azərbaycan iqtisadiyyatında bu il 1,5 faizlik artım gözlənilir. Buna səbəb isə ölkənin bank sistemindəki aktivlərin keyfiyyətinin aşağı düşməsidir.

Pozitiv məqam kimi isə “Fitch” Azərbaycan tədiyyə balansının güclü olmasının hökumətə bank sisteminə likvidlik və kapital dəstəyi vermək imkanını göstərib. Yerli ekspertlərin bu xəbərə münasibəti fərqlidir.
Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, Azərbaycanda 40 faizlik devalvasiya arzuolunmaz nəticələrə gətirib çıxara bilər: “Bunu dəfələrlə demişik. Ölkə iqtisadiyyatı hələ də fevral devalvasiyasının təsirlərinə adaptasiya olunub qurtarmayıb. Bank sektoru ağır durumdadır. Kapital qoyuluşu zəifləyib, əmanət cəlbi azalıb, problemli kreditlər artıb, kapitala dair Mərkəzi Bankın normativləri pozulub. Bank sektoru hazırda ixtisarlara hazırlaşır. İki bank bağlanıb, bir neçəsi namizəddir. Bank olmayan kredit təşkilatlarının fəaliyyəti sanki iflic olub. Bütün bunlar birinci devalvasiyanın fəsadlarıdır və bu, hələ bir müddət davam edəcək. Belə vəziyyətdə ikinci devalvasiyanın baş verməsi maliyyə sektorunun dayanıqlığını poza bilər. Düşünürəm ki, hökumət də bütün bu təhlükələri görür və buna görə də manatı dəstəkləmək siyasəti yürüdür. ”Fitch" reytinq agentliyinin açıqlaması isə mətbuatda qeyri-dəqiq şəkildə təqdim edilib. Çünki söhbət ümumilikdə bank sisteminin yox, “Fitch”in reytinq verdiyi bankların devalvasiyaya dözümündən gedir. Hazırda agentlikdən reytinq alan bankların sayı təxminən 10-dur. Bu banklar ölkədə kifayət qədər güclü banklardır və bazar payı 60-70 faiz təşkil edir. Eyni zamanda agentlik heç də bütün 10 bank haqqında bunu demir. Təsadüfi deyil ki, reytinq alan bəzi banklar hələ də devalvasiyanın zərərlərindən qurtula bilməyiblər. Onlar arasında hətta filialları bağlanan banklar da var, taleyi Mərkəzi Bankın qərarından asılı olan bank da. Ən böyük problemi olan Beynəlxalq Bank isə dövlət tərəfindən sağlamlaşdırılır. Fərz edək ki, bankların 25-30 faizini təşkil edən bu banklar 40 faizlik devalvasiyaya tab gətirdi. Bəs yerdə qalan 70-75 faiz bankın taleyi necə olacaq?

Onların sayı 30-dan çoxdur. Azərbaycanda 10 bankın bağlanmasının sektora və ümumilikdə iqtisadiyyata zərərini təsəvvür edirsinizmi? Bank sektorunda mövcud olan narahatçılığı “Fitch” də vurğulayır. Agentlik vurğulayır ki, bankların kapitalı ortamüddətli dövrdə təzyiq altında qalacaq. Səbəb kapital qoyuluşunun zəifləməsi olacaq. Agentlik hesab edir ki, aktivlərin keyfiyyəti getdikcə pisləşməkdə davam edəcək. Agentlik valyuta mövqeyi ilə bağlı problemi qabardır və bu göstəricinin hazırda kapitalın 30 faizi həddində olduğunu qeyd edir. Məlumat üçün bildirim ki, bu norma əvvəl 10 faiz olsa da Mərkəzi Bank devalvasiyadan sonra 2016-cı ilə kimi normanı dondurmuşdu. Hər bir halda ölkə iqtisadiyyatının həcmi kiçildikcə bankların qazancı da azalacaq. Bu isə bankların sayının azalmasını şərtləndirəcək".
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, bütövlükdə bank sistemi yəqin ki, 40 faiz, bəlkə də 60 faizlik devalvasiyaya tab gətirə bilər: “Amma bu, heç də o demək deyil ki, hər bir bank tab gətirə bilər. Ən azı bankların yarısı buna tab gətirməz yəqin ki. Yəni nəticədə güclü banklar üzdə qalacaq. Bank sisteminin tab gətirməsi də məhz bu deməkdir. Yəni bank sistemi yaşayacaq. Lakin hansı vəziyyətdə yaşayacağı başqa məsələdir. Təbii ki, bu, artıq indi gördüyümüz bank sistemi olmayacaq. Müştəriləri, əməliyyatları və gəlirləri azalacaq. Digər tərəfdən, unutmayaq ki, beynəlxalq reytinq agentlikləri proqnozlarını bizim bank sisteminin rəsmi rəqəmləri üzərində qurur. Bu isə ehtiyatlı olmağı tələb edir. Bizim Mərkəzi Bank rəsmi statistikanı 2 aydan çoxdur gizlədir. Bankların əksəriyyəti maliyyə göstəricilərini açıqlamır. Belə vəziyyətdə proqnoz vermək ümumən çətindir”.