İki cüdoçumuz 1/8 FİNALDA » Memur.az

İki cüdoçumuz 1/8 FİNALDA

İki cüdoçumuz 1/8 FİNALDA

Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo üzrə yarışlarda daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparırlar. Apasport.az saytının məlumatına görə, bu çəkilərdən yalnız birində (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək.

Bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Bir çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunacaq.

90 kq çəki dərəcəsində ilk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov, özü kimi, bu mərhələdən yarışa qatılacaq portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.

100 kq çəki dərəcəsində Azərbaycanın iki güclü cüdoçusu çıxış edir. Həmyerlilərimizdən öncə mübarizəyə Elxan Məmmədov qoşulub. Dünya çempionumuz 1/16 finalda Zlatko Kumriçlə (Xorvatiya) güləşib. Görüş idmançımızın asan qələbəsi ilə yekunlaşıb. Məmmədov 145-ci saniyədə rəqibini ippona salıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirəcək.

Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirəcək və növbəti mərhələdəki rəqibini gözləyəcək. O, 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan millisinin kapitanının görüşü 13:54-ə təsadüf edəcək.

100 kq-dan artıq çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb və döyüşünü qələbə ilə bitirib. O, görüşün başa çatmasına 57 saniyə qalmış rəqibini ippona salıb. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkəcək.

78 kq çəki dərəcəsində qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 final mərhələsində özündən qat-qat təcrübəli cüdoçu ilə görüşəcək. 18 yaşlı idmançımız dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. O, saat 12:42-də startı veriləcək görüşdən qalib ayrılarsa, 1/8 finalda London Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu titulu olan Odrey Seumeoya (Fransa) rəqib olacaq.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.