"Bakı-2015"in alovu Qobustan Milli Parkında » Memur.az

"Bakı-2015"in alovu Qobustan Milli Parkında

"Bakı-2015"in alovu Qobustan Milli Parkında

Bakı-2015 alovunun Birinci Avropa Oyunlarının keçiriləcəyi şəhərə daxil olmazdan əvvəl son dayanacağı bu gün Qobustan Milli Parkı olub. Lent.az-ın məlumatına görə, arxeoloji muzeyin qarşısından estafetin paytaxtdan kənar son mərhələsi başlanıb. 1,8 km-i əhatə edən yürüşü «Sabahin alimləri» müsabiqəsinin qalibi Səbinə Qədirova başladıb. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak ediblər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq, Bakı 2015-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.

Onu da əlavə edək ki, mərasim Bakı 2015-ə həsr olunmuş bədii proqramla davam etdirilib. Bakı 2015-in Milli parka hədiyyəsi olan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.

Məşəl estafetinin iştirakçısı L.Zeynalova təəssüratlarını bölüşüb: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Min illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci dəfə keçiriləcək Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.