Bakı-2015: Məşəl Tovuz və Gədəbəy səyahətini bitirdi » Memur.az

Bakı-2015: Məşəl Tovuz və Gədəbəy səyahətini bitirdi

Bakı-2015: Məşəl Tovuz və Gədəbəy səyahətini bitirdi

Ölkənin şimal-qərb hissəsinə, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarına səfəri davam edən Bakı-2015 alovunun səyahəti Tovuz və Gədəbəy rayonlarına olub. Apasport.az saytının məlumatına görə, Avropa Oyunları simvolunun Tovuza səfəri məşəl estafeti ilə başlayıb.

Heydər Əliyev prospekti boyunca 2,6 km-lik məşəl yolu qət edib. Taekvondo üzrə Azərbaycan çempionu Nəsimi Cəfərovun başladığı yürüşü Rəşad Böyükkişiyev, Kamran Rzayev, Sübhan Qayvalıyev, Müşfiq Əliyev, Xaliq Məmmədov, Umud Axundov, Anar Fəttahov və Vüqar Əsədov davam etdiriblər. Çırağı sonuncu məşəlçi - taekvondo üzrə qitə üçüncüsü, məşqçi, hakim Coşqun Nadirov alovlandırıb.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması, Bakı 2015-ə həsr olunmuş videoçarxlar nümayiş etdirildikdən sonra, məşəlçilər səhnəyə dəvət edilibər. Sonra çırağın rayona təqdim olunması mərasimi keçirilib. Onu yeniyetmə boksçular arasında Azərbaycan çempionu Ramin Əliyev rayon ictimaiyyətinin nümayəndəsinə təhvil verib.

Mərasim tamamlandıqdan sonra məşəl karvanı Gədəbəyə üz tutub. Burada 2,55 km-lik estafeti Nurlan Məmmədov başlayıb. 20 Yanvar küçəsi və ardınca Heydər Əliyev prospekti ilə davam edən yürüşdə Zaur Abdullayev, Müşfiq Məmmədov, Qurban Cəfərov, Elvin Cahangirov, Röyal İsmayılov, Natiq Məmmədov, Xəyal Nuriyev və İlkin Şirinov iştirak ediblər.

Heydər Əliyev parkına gətirilən məşəlin son daşıyıcısı Murğuz Süleymanov olub. Onun ardınca digər məşəlçilər də səhnə önünə gəliblər. Sonuncu məşəlçi səhnəyə qalxıb çırağı alovlandırıb.

Bakıda qədim “Atəşgah” məbədində keçirilmiş alovun əldə edilməsi mərasimi və Bakı 2015-ə həsr edilmiş videoçarxlar nümayiş etdirildikdən sonra I Avropa Oyunları ilə bağlı məlumat verilib. Bakı-2015-in canlı rəmzləri isə əhalinin, xüsusən də uşaq, yeniyetmə və gənclərin diqqət mərkəzində düşüb. Mərasimin ən yaddaqalan hissəsi – çırağın rayona təhvil verilməsi anı olub. Onu rayonun nümayəndəsinə 17 yaşlı şahmatçı Fidan Əsədullayeva təqdim edib. Səmaya əmin-amanlığın rəmzi olan göyərçinlər və dostluq rəmzi şarlar buraxılıb, atəşfəşanlıq bu mənzərəni daha da parlaqlaşdırıb.

Məşəl bu gün Şəmkirə yollanacaq və Alov səyahətini burada növbəti festivalla davam etdirəcək.