Bakı-2015: Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq » Memur.az

Bakı-2015: Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

Bakı-2015: Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

Bakı-2015 Avropa Oyunları artıq daha geniş miqyasda yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Birinci Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada nümayiş etdirilməsi məqsədilə bu gün dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.

Rio 2016 Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş “America Movil” şirkəti Bakı-2015 Avropa Oyunlarını filialı vasitəsilə Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikası boyunca bütün media platformalarında yayımlamaq üçün hüquq əldə edib.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı fikirlərini bölüşüb: “Məqsədimiz Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdi və bu istiqamətdə növbəti önəmli addım atıldı. Soçi 2014 Qış Olimpiya Oyunlarının geniş şəkildə yayımını həyata keçirdikdən sonra, Rio 2016 Yay Olimpiya Oyunlarının yayımı üçün də eksklüziv hüquqlar əldə edən “America Movil” şirkətinin idman tədbirlərinin yayımlanmasında təcrübəsi var. Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdi. Beləliklə, “America Movil” şirkətinin belə mötəbər tədbirin yayımını həyata keçirməsi üçün birgə tərəfdaşlıq imkanı yaranır”.

Qeyd edək ki, bununla da Latın Amerikası Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı ABŞ və Kanada, Hindistan, Çin, Avstraliya, Körfəz ölkələri və Avropanın sırasına qoşulur.