Bakı Olimpiya Stadionunda hazırlıq tədbirində 15000 nəfər iştirak edib » Memur.az

Bakı Olimpiya Stadionunda hazırlıq tədbirində 15000 nəfər iştirak edib

Bakı Olimpiya Stadionunda hazırlıq tədbirində 15000 nəfər iştirak edib

Mayın 9-da Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də, atletika idmanı üzrə yarışlara ev sahibliyi edəcək, yeni tikilmiş Bakı Olimpiya Stadionunda uğurlu hazırlıq tədbiri həyata keçirib.

BAOƏK-dən Lent.az-a verilən xəbərə görə, bu tədbir, əməliyyatların hazırlığını təmin etmək və açılış mərasimindən öncə komandalara Oyunlar zamanı keçiriləcək əməliyyatların ab-havasını yaşatmaq məqsədilə BAOƏK-ın son aylarda keçirdiyi genişmiqyaslı təlim proqramının və sınaq tədbirlərinin bir hissəsini təşkil edir.

Tədbirdə Bakı 2015-in Alovqoruyanları, BAOƏK-in işçi heyəti də daxil olmaqla 15000 nəfər iştirak edib. Bu tədbir, şəhər boyunca nəqliyyat sistemini, tamaşaçıların və VIP qonaqların hərəkətini, bilet sistemini, təhlükəsizlik tədbirlərini və Oyunların ümumi təşkilatçılığını yoxlamaq üçün imkan yaradıb.

Həmçinin, tədbir iştirakçılarına müğənni Tünzalə Ağayeva da daxil olmaqla Bakı 2015-in Ulduz elçilərinin çıxışlarından ibarət əyləncəli proqram da təqdim olunub. Tünzalə Ağayeva, xüsusi olaraq Bakı 2015 ilk Avropa Oyunları üçün bəstələnmiş “Bakımın üzü gülür” adlı mahnını ifa edib.