Dadaşov Almaniyada klubunu dəyişə bilər
idman
10-01-2018, 12:22
830

Hazırda Berlin "Dinamo"sunda forma geyən Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov karyerasını Almaniyanın III Liqasının "Şportfroynde" klubununda davam etdirə bilər.
Memur.Az report-a istinadən xəbər verir ki, Lotte şəhərinin təmsilçisi 27 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Komandanın məşqçisi Jozep Laumann Dadaşovu transfer etməyi düşündüklərini bildirib. Onun sözlərinə görə, cari mövsümdə vurduğu 19 qolla Şimal-Şərq zonasında bombardirlik yarışına başçılıq edən forvard "Şportfroynde"ni gücləndirəcək səviyyədədir:
"Cari mövsümdə iştirak etdiyi 18 oyunda 19 qol vuran Rüfət Dadaşovun xidmətində maraqlıyıq. Amma bunun mümkün olub-olmadığına baxmalıyıq. Çünki futbolçunun "Dinamo" ilə mövsümün sonunadək müqaviləsi var. O, "Reqensburq"a keçən Hamadi Əl-Qaddiuinin boşluğunu doldura bilər".
Bildirilir ki, "Şportfroynde" Əl-Qaddiuinin satışından 30 - 75 min avro əldə edəcək. Həmin vəsaitin Dadaşovun transferinə yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır.