“Qarabağ” tarixində beşinci dəfə bir oyununda azı yeddi qol vurub » Memur.az

“Qarabağ” tarixində beşinci dəfə bir oyununda azı yeddi qol vurub

“Qarabağ” tarixində beşinci dəfə bir oyununda azı yeddi qol vurub“Qarabağ” tarixində 5-ci dəfə Azərbaycan çempionatının bir oyununda yeddi və daha çox qol vurub.

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, komanda Premyer Liqanın XII turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etməklə buna nail olub.

Bu, həm də Azərbaycan çempionatları tarixində bir komandanın belə məhsuldarlıq göstərdiyi 73-cü matçdır. 1992-ci ildən keçirilən turnirdə bunadək 72 dəfə tərəflərdən biri rəqib qapısına yeddi və ya daha çox qol vurub.
Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 17 dəfə “7+”ə nail olublar. “Kəpəz”in hesabında 13 belə matç var. Ümumilikdə 21 komanda məhsuldar oyun keçirib. “Şəmkir” yeddi, Sumqayıt “Xəzər”i altı, “Turan” dörd, “Şamaxı” və “Bakı” hərəyə üç, “ANS Pivani” və Lənkəran “Xəzər”i hərəyə iki qarşılaşmada yeddi və ya daha çox qola seviniblər. Digər 11 komandanın hesabında bir belə görüş var.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk belə hadisə 1992-ci il mayın 10-da qeydə alınıb. “Neftçi” evdə Şamaxı “Şirvan”ını səkkiz dəfə cəzalandırıb - 8:1.