Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər” - MÜSAHİBƏ » Memur.az

Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər” - MÜSAHİBƏ

Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər” - MÜSAHİBƏAzərbaycanın FIFA referisi Əliyar Ağayev 2013-cü ildən beynəlxalq oyunlara təyinat alır.

O, ilk dəfə 2015-ci ildə Avstriyada yerli “Rapid” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının qrup mərhələsinin görüşünü idarə edərək, ölkə futbolunun tarixinə düşüb. Ağayev 2016-cı ildə UEFA-nın birinci kateqoriyasına yüksəlib.

35 yaşlı ədalət təmsilçisi Azərbaycan futbolu tarixində ilk dəfə cari mövsüm UEFA Çempionlar Liqasının qrup oyununa da təyinat alıb. Referi Danimarkada “Kopenhagen”lə Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçirilən VI tur matçını idarə edib.

Cari mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında 10 oyuna təyinat alan Əliyar Ağayev “Report”un suallarını cavablandırıb:

- 2022-ci ili şəxsi karyeranızda necə dəyərləndirirsiniz?

- İli özüm üçün uğurlu hesab edirəm. Həm yerli çempionatda, həm xarici çempionatda, həm də UEFA bayrağı altında keçən oyunlarda ümumilikdə çox yaxşı performans göstərdik. Mən bunu tək bacarmadım, briqada şəklində etdik. Təbii ki, ötən ilin ən xoş anı Avropada Çempionlar Liqasında debüt etmək və Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirdə iştirak etmək oldu.

- Hesablamalarımıza əsasən, mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında və ölkə kubokunda ən çox oyun idarə edən hakimsiniz. Necə düşünürsünüz, istədiyiniz qədər təyinat almısınız?

- Bəli, hesab edirəm ki, kifayət qədər təyinat alıram. Nəzərə alaq ki, 12 Premyer Liqa hakimi var və hər turda 5 oyun keçirilir. Buna görə də aldığım təyinat sayı yaxşıdır.

- Azərbaycanda hakimliyin inkişafını necə qiymətləndirirsiniz?

- Yaxşı. Bizim hakimlik məktəbimiz olub və həmin məktəbi həmişə layiqli şəkildə təmsil etməyə çalışırıq. Hakimlərimiz bir çox avropalı referilərdən hərtərəfli güclüdürlər və bu işə ciddi peşə kimi yanaşırlar. Biz də hakimliyə yeni gəlmək istəyənlərə örnək olmağa çalışmalıyıq.

- Niyə bu sahədə irəliləyiş daha azdır, referilərimiz mötəbər yarışlara təyinat almırlar?

- Təbii ki, əksər gənclər futbol oynamağı üstün tuturlar, nəinki hakimliyə gəlməyi. Bəlkə də, çoxları bu işin çətin peşə olduğunu fikirləşərək çəkinirlər. Amma hazırda gənc hakimlərin yetişdirilməsi ilə məşğul olan müəllimlərimiz əllərindən gələni edirlər ki, daha çox hakimlər cəlb olunsun. O ki qaldı mötəbər yarışlara təyinata, məncə, 2022-ci il FIFA dərəcəli hakimlərimizin ən uğurlu ili oldu. Hamımız ilk dəfə idi ki, qrup mərhələlərində oyunlar idarə etdik.

- Ötən il Çempionlar Liqasının qrup mərhələsində debüt etdiniz. 2023-cü illə bağlı hədəfləriniz nələrdir?

- Bəli, cari mövsüm debüt etdik. Amma bu yarışlarda daim hakimlik etmək üçün üzərimizdə çox çalışmalıyıq. Hədəf deyəndə, çıxdığımız hər bir oyun bizim üçün önəmlidir. Uğurlu idarəçilik növbəti təyinatı gətirir. Təbii ki, pley-off oyunlarının birinə təyinat almağımız 2023-cü il üçün gözəl başlanğıc olardı.

- Bu il elit kateqoriyaya yüksəlmək ehtimalınız var?

- Ehtimal həmişə var. Bəzən heç gözləmədiyin halda belə olur. Düzünü desəm, hazırda birinci kateqoriyada möhkəmlənməyi düşünürəm. Ondan sonra kateqoriya yüksəltmək gəlir.

- 2023-cü ildə beynəlxalq turnirlərdə VAR hakimi kimi də işləyə bilərsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla adımızı VAR hakimi kimi də FIFA-ya göndərən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkə təşəkkürümü bildirmək istəyirəm. Fikrimcə, bu, həm mənim, həm də Elçin Məsiyev üçün çox gözəl şans oldu. Artıq bir neçə ilə tam Azərbaycan briqadası ilə avrokuboklarda VAR tətbiq olunan matçlarda iştirak edə bilərik.

- Hakimlik karyeranızda unuda bilmədiyiniz hansısa oyun var?

- Əlbəttə ki, belə bir çox oyun var. Premyer Liqadakı, avrokuboklardakı debüt matçlarımı, eyni zamanda, Avropa Liqası və Çempionlar Liqasının qrupundakı ilk görüşümü qeyd edə bilərəm.

- Azərbaycan futbolu ilə bağlı düşüncələriniz nələrdir? Oyunları idarə edən hakim kimi, çempionatın səviyyəsini necə görürsünüz?

- Biz hakimlikdən danışdıq, amma hesab edirəm ki, futbolumuz üçün də uğurlu ili geridə qoyduq. Milli komandanın son oyunlardakı uğurlu çıxışları və 5 matçlıq məğlubiyyətsizlik seriyası yaxalaması bizi sevindirdi. Bəli, çempionatın səviyyəsi məni qane edir. Hətta deyərdim ki, səviyyə daha da artıb və istənilən komandanın digərindən xal ala bildiyinin şahidi oluruq.

- Daha çox beynəlxalq arenada, yoxsa yerli çempionatda təzyiqlə üzləşirsiniz?

- Həmişə deyirəm ki, yerli çempionatı idarə etmək daha çətindir. Burada təzyiqlər, yazılar daha çox olur, nəinki avrokuboklarda. Orada olsa belə, bizim xəbərimiz olmur.

- Son olaraq karyeranızla bağlı əsas hədəfləriniz nələrdir?

- Hədəf bizdə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli odur ki, çıxdığımız hər növbəti oyunu uğurla idarə edək. Uzunmüddətli isə mümkün qədər irəli getmək və daha mötəbər yarış və oyunlara təyinat almaqdır.