Bakıda yandırılaraq öldürülən polislə bağlı YENİ TƏFƏRRÜATLAR » Memur.az

Bakıda yandırılaraq öldürülən polislə bağlı YENİ TƏFƏRRÜATLAR

Bakıda yandırılaraq öldürülən polislə bağlı YENİ TƏFƏRRÜATLAR

Muxtar Kazımov xidmət yoldaşı Rabil İbayev tərəfindən öldürülüb


İmişli Rayon Polis Şöbəsinin əməkdaşının Bakıda qətlə yetirilərək yandırılmasının yeni təfərrüatları bəlli olub.


Lent.az-ın “virtualaz.org”a istinadən xəbərinə görə, 1988-ci il təvəllüdlü polis əməkdaşı Muxtar Nəcəf oğlu Kazımov polis işçisi olan digər xidmət yoldaşı Rabil Nuruş oğlu İbayevlə birgə Polis Akademiyasının qiyabi şöbəsində təhsil alırmış. Hər iki polis əməkdaşı Bakıya imtahan sessiyasına gəlibmiş.


Kazımovla İbayev sessiya müddətində paytaxtın Xətai rayonunda ev kirayələyib. M.Kazımovun qohumları bir neçə gün öncə onun yoxa çıxdığını bildiriblər. Polis axtarışlara başlayıb. Polisin ilk dindirdiyi şəxs Kazımovun otaq yoldaşı Rabil İbayev olub. O isə Kazımovun harada olması barədə heç nə bilmədiyini deyib.

Halbuki M.Kazımov elə İbayev tərəfindən öldürülübmüş. İbayev törətdiyi cinayətin üstünün açılacağından qorxaraq Kazımovun meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb.

O da məlum olub ki, M.Kazımov bundan az əvvəl şəxsi avtomobilini satıbmış. Maşının pulu da R.İbayev tərəfindən oğurlanıb.

Lakin polis Kazımovun qətlinin motivlərini açıqlamağa hələ tələsmir. Məsələ burasındadır ki, qətli törədən Rabil İbayevin səhhətində ciddi problemlər var, bu üzdən az öncə həyat yoldaşından da boşanıb. Belə ehtimal var ki, İbayevi bu cinayəti törətməyə sövq edən səbəblər arasında onun psixoloji problemləri amili də var.

***


18.04.2015


21:27


Bakıda dəniz kənarında yanmış kişi meyiti tapılıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb.


Araşdırmalar zamanı yanmış meyiti tapılan şəxsin İmişli rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı, 1988-ci il təvəllüdlü Muxtar Kazımzadə olması müəyyən edilib. Hadisənin qətl olub-olmaması üzərində araşdırmalara başlanılıb. Polis əməkdaşının yandırılaraq qətlə yetirilməsi də istisna edilmir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.