Parlamentdə məmurlara və müxalifətə sərt ittihamlar » Memur.az

Parlamentdə məmurlara və müxalifətə sərt ittihamlar

Parlamentdə məmurlara və müxalifətə sərt ittihamlar

Qüdrət Həsənquliyev bahalaşmaya görə sahibkarların sıxışdırılmasını dayandırmağa çağırdı Sabir Rüstəmxanlı: "Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir…"
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Oqtay Əsədov qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım deputatları təbrik edib. O, daha sonra bildirib ki, iclasda İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın illik hesabatı dinləniləcək. "Fasiləsiz işləmək üçün təklif edirəm ki, cari çıxışlar olmasın" - deyən spikerin fikri razılıqla qarşılanıb.

Ombudsman Elmira Süleymanova bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114 min 690, 2014-cü ildə isə 13 min 150 müraciət daxil olub. Həmin müraciətlərin 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarət olub.

Ombudsman deyib ki, 2014-cü ildə aparatda və regional mərkəzlərdə ümumilikdə 2468 şəxs qəbul edilib. 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı aparatda qəbul olunub, onlara müvafiq məsləhət və izahat verilib.

O bildirib ki, cəzaçəkmə müəssisələrində, həbsxanalarda, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, ahıl və əlil evlərində, internatlarda baxışlar zamanı 3547 şəxs qəbul edilib. Onun sözlərinə görə, şikayətlərin müvəkkilin səlahiyyətlərinə aid olmaması halları nəzərə alınaraq onların 51 faizinə baxılmaqdan imtina edilib: "Yerdə qalan şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 56,8 faizi təmin olunub. Bundan başqa, Ermənistan tərəfindən atəşkəsin müntəzəm pozulması nəticəsində yaralanaraq əsir düşən və ya girov götürülən vətəndaşlarımızın, o cümlədən, əsgərlərin azad olunması və onların qaytarılması ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib. Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilib və ya barələrində amnistiya aktı tərtib edilərək azadlığa buraxılıblar".
Deputatlar hesabatı müsbət qiymətləndirsələr də, bəzi iradlar da bildiriblər.

Deputat Musa Qasımlı bildirib ki, dünyadakı bəzi təşkilatlar, QHT-lər Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasına dair hesabat hazırlayırlar. Yaxşı olardı ki, bu məsələlər də Ombudsmanın hesabatında öz əksini tapaydı".

Deputat Musa Quliyev hesabatda həbs edilən hüquq müdafiəçilərinin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilməsinə iradını bildirib. "Bu şəxslərin həbs edilməsi peşə fəaliyyəti ilə bağlı deyil və törətdikləri konkret cinayətə görə həbs edilib. Yəni onların digər vətəndaşlardan xüsusi fərqi yoxdur. Heç bir üstünlüyə malik olmadıqları halda, nəyə görə ayrı-seçkilik edilərək, adları ayrıca olaraq hesabatda göstərilməlidir? Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən vətəndaşların adları hesabatda sadalanmalıdır".

Qüdrət Həsənquliyev sahibkarların müdafiəsinə qalxdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, ombudsman təkcə daxil olan müraciətlərin araşdırılması ilə kifayətlənməməli, həm də öz təşəbbüsü ilə araşdırmalar aparmalı və təkliflərlə çıxış etməlidir. Deputat xüsusilə qiymət artımı ilə bağlı məsələlərdə vətəndaşların - həm sahibkarların, həm də istehlakçıların hüquqlarının pozulduğunu deyib. "Dolların məzənnəsinin qalxmasından sonra sahibkarlar xaricdən idxal olunan malları baha qiymətə satmağa məcbur olublar. Bu isə təbii prosesdir. Çünki sahibkar xaricdən növbəti dəfə malı almaq üçün pulunu dollara çevirməlidir. Sahibkarları qiymət artımına getməmək üçün sıxışdırırlar. Bu, düzgün deyil. Çünki bazar iqtisadiyyatıdır və tələb təklif əsasında bazar qiymətləri müəyyənləşir". Deputat vurğulayıb ki, indiki vəziyyət davam edərsə, Azərbaycanda qıtlıq əmələ gələcək. "Xüsusilə, istehlak mallarında bu qıtlıq hiss olunacaq. Artıq bəzi sahibkarlar istehlak mallarını anbarlarda saxlayırlar. Mən aidiyyəti orqanlardan bu məsələyə diqqət yetirməyi xahiş edirəm" - Q.Həsənquliyev bildirib.

Siyavuş Novruzov Əli Kərimli və Emin Hüseynovu ittiham etdi

Deputat Siyavuş Novruzov bəzi beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarına dair hesabatına toxunaraq bildirib ki, onlar Azərbaycan dövləti haqqında şər kampaniyası aparmaqda davam edirlər. "Bakıda keçiriləcək I Avropa Oyunları haqda şayiələr yayılır. "Eurovision" ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli, qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən qrant alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir".

S.Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər. O, jurnalist və hüquq müdafiəçisi Emin Hüseynov haqqında fikirlər səsləndirib:

"Bu adam milyonlarla qrant alıb, 240 min manatı vergidən yayındırıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin".
Müzakirələrdən sonra Ombudsmanın hesabatı səsə qoyularaq qəbul edilib.

Dövlət sirrini yayanlar üçün cəza müddəti artırıldı

Cinayət Məcəlləsinə dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni dəyişikliyə əsasən, dövlət sirrini yayanlara qarşı sanksiyalar sərtləşdirilir: "Mövcud variantda cəza 2 ildən 5 ilədək və 3 ildən 7 ilədək nəzərdə tutulurdu. Dəyişiklikdə bu müddətlər bir il daha artırılır. Təklif olunan dəyişikliklər dövlət sirri haqqında qanunvericiliyi təkmilləşdirməyə imkan verir. Hesab edirəm ki, müstəqilliyimizin bu məqamında dövlət sirrini yaymağa görə sanksiyaların sərtləşdirilməsi məqsədə müvafiqdir". Cinayət Məcəlləsinə dəyişikliklər qəbul edilib.

"Vətəndaşların müraciəti haqqında" qanuna mühüm dəyişikliklər edildi

"Vətəndaşların müraciəti haqqında" qanun layihəsi barədə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. O, bildirib ki, 17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş "Vətəndaşların müraciət qaydaları haqqında" qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır. Həmin qanuna görə vətəndaşların araşdırılması rəsmi tələb olunan 3 rəsmi müraciət - təklif, ərizə və şikayət forması var idisə, yeni qanun layihəsində bu artırılaraq 10 müraciət formasına çatdırılır. Buraya hazırda qüvvədə olan 3 müraciət formasından başqa elektron, şifahi, telefon, anonim, kollektiv müraciətlərlə yanaşı, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Əlavə olunmuş yeni müddəalar vətəndaşların müxtəlif üsullarla vəzifəli şəxslərə, aidiyyəti qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq.

Deputat Çingiz Qənizadə bildirib ki, müəyyən dövlət qurumundan daxil olan müraciətlər çox zaman araşdırılması üçün elə həmin dövlət qurumuna göndərilirdi. "Əgər həmin dövlət qurumu problemi həll edən olsaydı, daha vətəndaş niyə şikayət edirdi? Qanuna dəyişiklikdə isə şikayəti həmin qurumun özünə göndərmək qadağan edilir. Bu, müsbət haldır. Həmçinin bir çox hallarda vətəndaş şikayət etdikdən sonra müxtəlif yollarla şikayəti geri götüzdürürlər. Yazdırırlar ki, əsəbi olduğuma görə şikayət etmişəm, hazırda şikayətim yoxdur. Ancaq bütün hallarda, hətta şikayətçi öz şikayətini geri götürübsə belə, həmin sənəd mütləq araşdırılmalıdır" - deyə Çingiz Qənizadə bildirdi.

Sabir Rüstəmxanlı məmurları sərt tənqid etdi

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib. O, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib: "Cavab verəndə də qeyri-etik müraciət edirlər. Kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikayətçinin adı da yazılmır".

Onun sözlərinə görə, bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir: "Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamısansa, içəri keçə bilmərsən".
Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.

"Dərman vasitələri haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara əlavələr edildi

"Dərman vasitələri haqqında" və "Dini etiqad azadlığı haqqında qanunlara əlavə olunan dəyişikliyə əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Həmçinin, nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək, həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

İclasda Azərbaycanla Norveç arasında imzalanmış sənədlər ratifikasiya olunub. Bunlar "Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" sazişlərdir. Həmçinin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərlərinin yeri dəyişdirilib. Dəyişikliyə əsasən, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat İmamverdi İsmayılov Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər, ikincinin rəhbəri deputat Xanlar Fətiyevin isə onun yerinə seçilib.

İclasda həmçinin Su Məcəlləsinə, Torpaq Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Ovçuluq haqqında" , "Heyvanlar aləmi haqqında" "Siyasi partiyalar haqqında" qanunlara edilən dəyişiklik layihələri də müzakirə olunaraq qəbul edilib.

Rəşad VAQİFOĞLU