Bəzi məmurların dövlətə külli miqdarda borcu var » Memur.az

Bəzi məmurların dövlətə külli miqdarda borcu var

Bəzi məmurların dövlətə külli miqdarda borcu var

Onların arasında Etibar Pirverdiyev və Cahangir Əsgərovun adı xüsusi qeyd olunur

Bir sıra vəzifəli şəxsin yığılıb qalan communal borcunu tələb edə bilməyən aidiyyəti qurumlar isə vətəndaşları süni şəkildə borclandırırlar

Etiraf etmək lazımdır ki, bəzi məmurlar tutduqları posta və rəhbərlik etdikləri quruma sadəcə, qazanc mənbəyi kimi baxırlar. Yəni onların bir neçəsi işinə istənilən səviyyədə məsuliyyət göstərmir. Elə buna görə də bir çox məmur-oliqarxların maddi imkanları, sərvətləri onların aldıqları maaşa tamamilə tərs mütənasibdir. Amma belə məlum olur ki, bir çox dövlət qurumları nəinki kimlərinsə varlanması üçün vasitə rolunu oynayır, hətta rəhbər şəxslərinin kifayət qədər zənginləşdiyi həmin qurumların dövlətə iri məbləğdə borcu yaranıb.

Rəsmi statistikaya nəzər yetirəndə görürük ki, bəzi qurumların dövlətə külli miqdarda borcu yaranıb. Ötən ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 403,5 mln. kVt/saat elektrik enerjisi, 137 min Q.kal istilik enerjisi, 84,1 mln. kubmetr təbii qaz, 17,9 mln. kubmetr su, 8 mln. manatlıq rabitə xidmətləri istehlak edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisinin istehlakı 30,4%, rabitə xidmətlərinin istehlakı 19,4%, təbii qazın istehlakı 10,4%, elektrik enerjisinin istehlakı 4,0% artıb, suyun istehlakı isə 0,6% azalıb.

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 4,6% artaraq 120,1 mln. manat təşkil edib. İstehlakın ümumi dəyərinin 70%-ni elektrik enerjisi, 13,3%-ni su, 7%-ni təbii qaz, 6,7%-ni rabitə xidmətləri, 3%-ni isə istilik enerjisi təşkil edib. İstehlak edilmiş elektrik enerjisinin 6,1 mln. manatı, suyun 1,5 mln. manatı, təbii qazın 649,9 min manatı, istilik enerjisinin 357,4 min manatı, rabitə xidmətlərinin 303,9 min manatı ödənilməyib. Göründüyü kimi, söhbət heç də kiçik bir məbləğdən deyil, 9 milyon manat kimi yüksək bir vəsaitdən gedir. Dövlətə borclu olan qurumların arasında Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) adı ön sıralarda çəkilir. Qeyd edək ki, hazırda "Azərenerji"nin istehsal etdiyi elektrik enerjisinin hər kilovat saatı 3,1 qəpiyə başa gəlir. Həmin enerji əhaliyə dəyərindən 2 dəfə baha satılır. Digər ölkələrlə müqayisədə tariflərin heç də aşağı olmadığı görünür. Üstəlik, ASC-nin xərclərinin böyük bir hissəsi dövlət büdcəsi və xaricdən alınan kreditlər hesabına ödənilir. Bu halda "Azərenerji"nin borclu olması qurumun maliyyə hesabatlarında şəffaflığın olmamasını deməyə əsas verir. Xatırladaq ki, 2007-ci ildə elektrik enerjisinin qiyməti 3 dəfə qalxanda hökumət bəyan etdi ki, bu tarif rentabelliyi təmin edəcək. Bundan sonra "Azərenerji"nin nə büdcə, nə də başqa təşkilatlar qarşısında borc öhdəliyi yaranmayacaq. Lakin Hesablama Palatasının son məlumatlarına görə, ASC-nin SOCAR-a 300 milyon manat, mənfəət vergisindən isə dövlət büdcəsinə 250 milyon manata yaxın borcu yaranıb. Ekspertlərin fikrincə, ASC-nin öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında tamamilə qeyri-şəffaflıq var: "Elektrik enerjisi tarifləri yüksək olan, yığımı 90 faizdən çox olan və dövlətin maliyyə resurslarına əlverişli çıxışı olan bir şirkət borc içində üzür. Burada çox qeyri-şəffaf bir mühitin olduğunu açıq şəkildə görmək olur. Şəffaflıq mühitini yaratmaq üçün bu sektor dövlətsizləşdirilməlidir. Necə ki, 2000-ci ilin əvvəlində "Barmek" vasitəsilə bu prosesə başlanılmışdı". "Azərenerji" ilə yanaşı, digər qurumların da dövlətə külli miqdarda borcunun yarandığı deyilir. İddialara görə, Cahangir Əsgərovun rəhbərlik etdiyi "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC və digər qurumların dövlətə külli miqdarda borcu var. Buna baxmayaraq, sözügedən cəmiyyətlər dövlətə olan borclarını ödəmirlər. Ən maraqlısı odur ki, hər il büdcədən bütün dövlət qurumlarına kifayət qədər vəsait ayrılır və həmin vəsaitə kommunal xərclərin ödənilməsi də daxildir. Maraqlıdır görəsən, həmin vəsait necə istifadə edilir ki, bəzi idarə, müəssisə və təşkilatlar bu qədər iri məbləğdə borclu qalırlar. Həqiqətən də, məntiqlə fikirləşəndə bu, mümkünsüz bir şeydir. Deməli, dövlətə borclu olan qurumlara ayrılan büdcə vəsaitləri təyinatı üzrə sərf edilmir. Araşdırmalar göstərir ki, hətta bir sıra məmurların özlərinin şəxsi kommunal borcları var və həmin borcları üst-üstə yığdıqda fantastik rəqəm alınır. Məsələn, bir müddət əvvəl Milli Məclisin deputatı Hacı Qalib Salahzadənin kommunal xidmətlərə, daha dəqiq desək, qazdan istifadəyə görə "Azəriqaz”a 5 min manat borcunun yaranması barədə məlumat yayıldı. Millət vəkili isə məsələyə bu formada münasibət bildirmişdi: "Mənim Bilgəh qəsəbəsində 6 mərtəbəli villamın və 5 min manat qaz pulu borcumun olması barədə yazılanlar həqiqətə uyğun deyil. Sözügedən bina mənim yox, anamındır. Həmin bina 7-8 il bundan qabaq tikilib". Binanın hansı pulla tikildiyinə gəlincə, Q.Salahzadə bunları deyib: "Mənim ailəm varlı olub. Biz Bakının ən varlı ailələrindən olmuşuq. Yadıma gəlir ana babam qızıl onluqları 120 rubla satırdı. Babamın o qədər onluğu olub ki, hətta satırdı da. Belə bir adamın qızının 7 mərtəbəli villasının olması təbiidir. Əgər həmin binaya qaz verilsəydi, mən anamın 5 min manat qaz pulu borcunun yığılıb qalmasına imkan verməzdim". Qısa araşdırmalar nəticəsində öyrəndik ki, Bakının Buzovna, Mərdəkan, Novxanı, Bilgəh, Şüvəlan, Şağan, Pirşağı kimi qəsəbələrində məmurlara məxsus olan yüzlərlə imarətin, başqa sözlə desək, bağ evlərinin aylıq kommunal xidmət haqqı yığılmır. Daha doğrusu, aidiyyəti işıq, su və qaz idarələrinin əməkdaşları ürək edib məmurların yaşadığı villaların qapısını döyə bilmirlər. Cürət edib qapını döyənləri isə qapının qarşısında cantaraq, yəni iribədənli cangüdənlər qarşılayır. Kommunal xidmət qurumlarının nümayəndələri elə cangüdənləri görən dəqiqədən deməli olduqları sözü unudurlar. Araşdırmalara görə, adını hallandırdığımız qəsəbələrdə yerləşən imarətlərdə sərf olunan qaz, su və işığa görə pul ödənilmir. Dəyəri milyonlara bərabər olan villalarda yaşayan bəzi məmurlar aylıq kommunal xidmət borclarını ödəmək istəmirlər. Belə olan təqdirdə, aidiyyəti orqanların rəhbər işçiləri məmurların borcunu camaatın ayağına yazırlar. Əldə etdiyimiz məlumatlara görə, bu tendensiya daha çox Mərdəkandakı bağ evlərində, həmçinin paytaxtın Teymur Əliyev küçəsində yerləşən "milyonçular məhəlləsi"ndə qeydə alınır. Müxtəlif imkanlı və vəzifəli şəxslər bir neçə il əvvəl Mərdəkan qəsəbəsindəki köhnə evləri, boş torpaq sahələrini satın alaraq özlərinə yay aylarında dincəlmək məqsədilə möhtəşəm villalar ucaldıblar. Amma belə mülklərin sahibləri sərf etdikləri elektrik enerjisinin, mavi yanacağın və içməli suyun pulunu ödəmək istəmirlər. Bir çox hallarda isə "Azəriişıq"ın, "Azəriqaz"ın və "Azərsu"nun yerli idarələrinin işçilərini təhqir edib əliboş yola salırlar. Qeyd edək ki, bir çox oliqarxlardan yığılıb qalan və yüksək rəqəmlərlə ifadə olunan kommunal haqları tələb edə bilməyən aidiyyəti qurumlar isə vəziyyətdən vətəndaşları süni, saxta şəkildə borclandırmaqla çıxmaq istəyirlər. Elə tez-tez Bakıda və bölgələrdə əsassız şəkildə vətəndaşların adına yüksək borclarla bağlı bildirişlər yazılması da məmurların kommunal ödənişlərlə bağlı yaratdıqları kəsirləri aradan qaldırmaq cəhdi kimi başa düşülür. Hesab edirik ki, bütün büdcə təşkilatları və həmçinin bəzi məmurlar onlara göstərilən bütün kommunali xidmətlərdən istifadəyə görə ödənişlərin gecikdirilməsinə, yaxud ödənilməməsinə son qoymalıdır. Bir halda ki, kasıb insanlar istifadə etdiyi qaza, suya və işığa görə dövlətə pul ödəyir, o zaman vəzifəli şəxslər də mütləq bunu etməlidir. Əks halda, daha ciddi problemlər üzə çıxa və dövlətin büdcəsinə böyük ölçüdə ziyan dəyə bilər.

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Kənan Eyvazoğlu