"Veysəloğlu" şirkəti süni bahalaşma və qıtlıq yaradır? » Memur.az

"Veysəloğlu" şirkəti süni bahalaşma və qıtlıq yaradır?

"Veysəloğlu" şirkəti süni bahalaşma və qıtlıq yaradır?

Əksər marketlərdə MMC-nin istehsalı olan məhsullar tükənib, amma yeni mallar gətirilmir

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hərəkətə keçməlidir

Prezident son günlər Azərbaycan manatı ilə bağlı baş verən proseslərə münasibət bildirərək qeyd edib ki, əslində, manat əvvəlki vəziyyətinə yenib: "İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır.

Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı yüksək qiymətləndirir. Ancaq eyni zamanda regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir və son aylar ərzində, son bir ildə MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqitsadiyyatına da öz təsirini göstərib. Bütün qurumlara göstəriş verilmişdir ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq". Qeyd edək ki, ölkə başçısının məlum xəbərdarlığından sonra İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün tədbirlərə start verib. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında "Westgold", "French Cow" kərə yağlarının və "Oldenburger" pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan "Vest Produkt Marketinq" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında "Fərid" şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb. Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında "Tulçinka" yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bununla bağlı olaraq həmin yağların istehlak bazarında əsas təchizatçısı olan "Komrad" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, bəzi şirkətlər süni qiymət artımı yaratmaqdan hələ də çəkinmirlər. Redaksiyamıza daxil olan məlumatlara görə, manatın məzənnəsinin aşağı düşməsi "Veysəloğlu" Şirkətinin məhsullarının satış qiymətinə də öz təsirini göstərib. Məlumatda deyilir ki, dolların bahalaşdığı gün şirkət qapılarını bütün istehlakçıların üzünə bağlayıb və mal satışını dayandırıb: "Mal satışı dayandığı üçün şirkətlə alış-veriş edə bilmirik. Məsələn, Suraxanı, Xətai, Nizami və Sabunçu rayonlarının ərazisində yerləşən böyük marketlərin bir çoxunun vitrinində "Veysəloğlu"nun məhsulları tükənib. Buna baxmayaraq, şirkət nümayəndələri yeni mal gətirmirlər. Deyilənə görə, bu, qiymətlərdə gözlənilən dəyişikliklə bağlıdır. Yəni vəziyyət belə davam edərsə, şirkət satdığı məhsulların qiymətini nisbətən qaldıracaq. Bu isə süni bahalaşma deməkdir". Halbuki, "Veysəloğlu" şirkətinin rəsmiləri bu günlərdə Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsinin şirkətinin distribyuterlik etdiyi məhsullarında süni qiymət artımına səbəb olmayacağını açıqlamışdı: "Şirkətdə bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Müəssisə distribyuterlik etdiyi məhsulları bu gün də köhnə qiymətlərlə topdan və pərakəndə satış mərkəzlərinə təqdim etməkdədir. Qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari proseslərdir. Hazırda isə heç bir qiymət artımı yoxdur və planlaşdırılmır. Pərakəndə və topdansatış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, "Veysəloğlu" Şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib". Şirkət rəsmiləri bir, dükan sahibləri isə başqa söz deyir. Hər halda, qiymətlərin süni şəkildə qaldırılmasına və süni qıtlıq yaradılmasına dair iddialar ortaya atılıbsa, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Veysəloğlu" şirkətində təcili olaraq monitorinq aparmalı və süni bahalaşmaya şərait yaradan şəxsləri cəzalandırmalıdır.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Hafiz Məmmədli