Şakir Musayevin işçisi rüşvət alarkən tutuldu » Memur.az

Şakir Musayevin işçisi rüşvət alarkən tutuldu

Şakir Musayevin işçisi rüşvət alarkən tutuldu

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəisi ətrafında halqa daralır

Səhiyyə sektorunda korrupsiya faktı aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Həmin müraciət üzrə Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Saatlı rayon şöbəsinin müdiri Tahir Mehdiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Faktla bağlı cinayət işi başlanıb və T.Mehdiyevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.