Baş Prokurorluq tərəfindən aşkar edilmiş 8 milyon manatlıq korrupsiya faktı üzrə cinayət işinin istintaqı yekunlaşıb » Memur.az

Baş Prokurorluq tərəfindən aşkar edilmiş 8 milyon manatlıq korrupsiya faktı üzrə cinayət işinin istintaqı yekunlaşıb

Baş Prokurorluq tərəfindən aşkar edilmiş 8 milyon manatlıq korrupsiya faktı üzrə cinayət işinin istintaqı yekunlaşıb

“Aqrolizinq” ASC-nin Şəki rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, istintaq zamanı Cavanşir Qurbanovun 2005-2006-cı illərdə cəmiyyətin Şəki rayon “Aqroservis” filialının müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə satışından əldə olunmuş 987 min manat məbləğində pulu mənimsəməsində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ASC-yə 360 min manat məbləğində zərər vuraraq vəzifə saxtakarlığı törətməsində, habelə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vətəndaşa məxsus 5 min 400 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində, bundan başqa, Rafim Qurbanovun 2007-2014-cü illərdə həmin filialın müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə və kənd təsərrüfatı texnikasının satışından əldə olunmuş 5 milyon 363 min manat məbləğində pulu mənimsəməsində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə və rəsmi sənədləri məhv etməklə cəmiyyətə 2 milyon 84 min manat məbləğində zərər vuraraq vəzifə saxtakarlığı törətməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü və 326.1 (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələrində, anbardar Mehman Rəcəbova isə Cinayət Məcəlləsinin 179.3.2 maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.