Yeniyetmələr 65 manata görə iki qadını diri-diri yandırdılar - TƏFƏRRÜAT » Memur.az

Yeniyetmələr 65 manata görə iki qadını diri-diri yandırdılar - TƏFƏRRÜAT

Yeniyetmələr 65 manata görə iki qadını diri-diri yandırdılar - TƏFƏRRÜATİki gün öncə Tovuzda iki qadının yanaraq öldüyü evdəki hadisənin qəsdən törədildiyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, oğurluq məqsədilə evə girən iki nəfər ev sahibini və orada olan qonşusunu öldürüb, daha sonra izi itirmək üçün evi yandırıblar.

Hadisə iyulun 25-də rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğından sonra dərhal hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunublar.

Yanğın söndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu, 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis və prokurorluq orqanlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib:

“Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, evə oğurluq məqsədilə girmiş 19 yaşlı E.Bağırov və onun 17 yaşlı tanışı Quliyev bıçaqla hər iki qadını öldürdükdən sonra evdən 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədəd mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Onların barəsində cinayət işi başlanıb. İstintaq davam etdirilir”.

Qeyd edək ki, Y.Quliyeva tək yaşayırmış. Onun övladlarından biri hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib. Həqiqət Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş.