Bu gün, 10:57
Hindistanın paytaxtı Yeni Dehlidə Divali (İşıqlar) festivalından sonra hava keyfiyyəti təhlükəli həddə çatıb.
“Qafqazinfo” NDTV-yə istinadən xəbər verir ki, şəhər sakinləri səhər qalın duman təbəqəsi və aşağı görünmə məsafəsi ilə oyanıblar.
Mərkəzi Hava Çirklənməsinə Nəzarət Şurasının (CPCB) açıqladığı rəqəmlər paytaxtda hava keyfiyyəti indeksinin kəskin artdığını göstərib.
Məlumata əsasən, Yeni Dehlidə orta hava keyfiyyəti indeksi bir gün əvvəl “çox pis” olaraq qiymətləndirilən 350 göstəricisindən “təhlükəli” hesab edilən 403-ə yüksəlib.
Hava çirkliliyinin artmasına noyabrın 8-də paytaxtda qeyd olunan Divali festivalı zamanı istifadə edilən atəşfəşanlığın səbəb olduğu bildirilir.
Mənbə: https://memurtv.az/dunya/20073-bu-sheherde-festivaldan-sonra-hava-keyfiyyeti-tehlukeli-hedde-chatdi.html