İŞİD pulu haradan alır? » Memur.az

İŞİD pulu haradan alır?

İŞİD pulu haradan alır?

İŞİD dünyanın ən varlı silahlı qruplaşması hesab olunur.
Təşkilat İraq və Suriyada ölçüləri Birləşmiş Krallığa bərabər "xilafəti" idarə etdiyini iddia edir.
Lakin görəsən, təşkilat pulu haradan alır? İŞİD-i kim maliyyələşdirir?

1. İanələr

Yaxın Şərqdəki, xüsusilə də Səudiyyə və Qətərdəki varlı fərdi donorlar və islam xeyriyyələri ilkin gəlir mənbələridir.
Bu sünni xeyriyyəçilər pullarını islamın ələvilik təriqətinə məxsus olan Suriya prezidenti Əsədin devrilməsi üçün verirdilər.
Bu mənbələrdən gələn pullar hələ də əcnəbi döyüşçülərin Suriyaya səfərlərini maliyyələşdirsə də, qruplaşma hazırda özünü əsaslı şəkildə maliyyələşdirə bilir.



2. Neft

ABŞ Maliyyə Nazirliyinin 2014-cü ilə olan hesablamalarına görə, İŞİD xam neftin və neft məhsullarının yerli araçıya satışından həftədə bir neçə milyon dollar, ümumilikdə isə 100 milyon dollar əldə edir. Araçı öz növbəsində bu nefti qaçaq yolu ilə Türkiyə və İrana, yaxud da Suriya hökumətinə satır.
Lakin neftlə bağlı infrastruktura hava zərbələrinin endirilməsi, inanıldığına görə, bu gəliri tükəndirib.



3. Adam oğurluğu

Adam oğurluğu İŞİD-ə 2014-cü ildə girov pulları şəklində 20 milyon dollar gəlir gətirib.
İŞİD-dən qaçaq düşmüş bir nəfərin dediyinə görə, bu təşkilatda adam oğurluqlarını həyata keçirən və "Kəşfiyyat Aparatı" adlanan bütöv bir departament fəaliyyət göstərir. Bu departament əcnəbi jurnalistləri onlar ayaqlarını Suriya sərhədinə yaxın şəhərlərə qoyduqları andan hədəfləyir.
Təşkilat adam oğurluğundan həmçinin qiymətli təbliğat aləti kimi istifadə edir.
İŞİD İraq və Suriyada Ceyms Fouli, Abdul-Rahman (Peter) Kassiq, Alan Henninq, Kenji Qoto və Steven Sotlof da daxil, çox sayda jurnalist və humanitar yardım işçisini oğurlayıb və qətlə yetirib.



4. Quldurluq, qarət və pul qopardılması

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İŞİD özünün tam və qismən nəzarətində olan ərazilərin sakinlərindən hər ay bir neçə milyon dollar pul qoparır.
Ödənişlər İŞİD ərazisindən keçənlərdən, burada biznesi olanlardan və ya sadəcə olaraq burada yaşayanlardan xidmətlər və ya "mühafizə" müqabilində qoparılır.
İŞİD həmçinin banklara basqınlardan, qədim əşyaların talan və satışından, mal-qara və ya kənd təsərrüfatı məhsullarının oğurluğundan qazanır.

5. Azlıqlar üzərinə qoyulmuş "cizyə" vergisi

Dini azlıqlar xüsusi vergi növü olan "cizyə" ödəməyə məcbur edilirlər.
Bu barədə İŞİD-in bəyanatı ötən il İraqın Mosul şəhərindəki məscidin minbərindən elan edilib.
Bu bəyanatda xristianlardan ya islamı qəbul etmək, ya cizyə ödəmək, ya da şəhəri tərk etmək tələb olunurdu.
"Biz onlara üç seçim veririk: islam, cizyə ödəndiyini təsdiq edən zimmi müqaviləsi və əgər bunlardan imtina etsələr, boyunlarını üzəcək qılınc", - deyilirdi İŞİD-in bəyanatında.



6. Quldarlıq

Qruplaşma həmçinin oğurlanmış qız və qadınları seks köləsi kimi satmaqdan da pul əldə edir.
Yezidi azlığın dediyinə görə, İŞİD İraqın şimalındakı Sincar şəhərini tutanda, onların minlərlə qadınlarını və gənc qızlarını əsir alıb və bunların bir çoxundan seks köləsi kimi istifadə edilib.



Hənna adlı yezidi qadın İŞİD əsirliyindən qaçdığını deyib. O, BBC-yə bildirib ki, 200 başqa qadın və qızla birlikdə qul bazarına aparılıb. Orada İŞİD döyüşçüləri gəlib qadınları seçib ala bilirdilər.