İsveçin paytaxtında Azərbaycan –Türkiyə bayraqları PKK-ya qarşı dalğalandı » Memur.az

İsveçin paytaxtında Azərbaycan –Türkiyə bayraqları PKK-ya qarşı dalğalandı

İsveçin paytaxtında Azərbaycan –Türkiyə bayraqları PKK-ya qarşı dalğalandı

"Türk-kürd qardaşdır, PKK kalleştir"
Sentyabrın 13-də İsveç ”Avrasiya Dərnəyi”nin təşkilatçılığı ilə paytaxt Stokholmdakı “Segeltorg” Meydanında ”Şəhidləri Anma və Terrora Yox deyək” şüarı altında keçirilən mitinqdə təxminən üç minə yaxın insan iştirak edirdi. Türkiyəli qardaşlarımıza dəstək məqsədi ilə tədbirə Azərbaycan, Uyğur, Kərkük Türkmənləri və eləcə də Balkan Türkləri də qatılmışdı. Mitinqin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi daha sonra İstiqlal Marşı oxundu. Türk, Azərbaycan və Türkmən bayraqları ilə bəzədilmiş meydanda vətəndaşlar, üzərlərində İsveç dilində "PKK demokratiyanı sabotaj edir", "Məhv olsun PKK", "İsveç, mediası, PKK işçi partiyası deyil terrorist təşkilatıdır!", "Yurdda sülh, cahanda sülh", "Əsgərə uzanan əllər qırılsın" və "Şəhidlər ölməz, vətən bölünməz " yazıları olan plakatları başları üstündə qaldırmışdılar.

Mitinq iştirakçıları həm İsveç və həm də türkcə "Şəhidlər ölməz, vətən bölünməz", "Türk-kürd qardaşdır, PKK kalleştir" kimi şüarlar səsləndirirdilər.

Nümayişi idarə edən Avrasiya Dərnəyinin üzvləri Ayla Dağoğlu və Esra Ərdoğan mitinq boyunca vətəndaşları istiqamətləndirməklə yanaşı Türkiyədəki terror hadisələrinin arxasındakı həqiqətləri bir-bir izah etdilər. Qərb ölkələrinin və eləcə də yaşadığımız İsveçin terror mövzusundakı həssaslıqlarını Türkiyə üçün də göstərmələri və ikili standartlara son qoymalarını tələb və xahiş etdilər: “Son günlərdə Kürd-Türk qarşıdurması çıxarmaq üçün bəzi dairələrin dəridən-qabıqdan çıxdığını, hər iki tərəfdən insanımızın arasına fitnə soxaraq bir-birinə qarşı olmasına çalışanların son hədəflərinə çatmayacaqlarını, arzularının ürəklərində qalacaqlarını bu gün bu mitinqlə göstərdik" deyə, dilə gətirdilər.

Daha sonra çıxış üçün söz İsveçdəki Azərbaycan Federasiyasının sədri Səttar Seviginə verildi. Çıxışına İsveç dilində başlayan Səttar bəy İsveç siyasilərini və İsveç mediasını PKK-ya dəstək verdiklərinə görə sərt tənqid etdi: “Biz Azərbaycan Respublikasından və eləcə də Güney Azərbaycanından olan Azərbaycan Türkləri bu gün bura AB-nin və ABŞ-ın terror təşkilatı kimi tanıdığı PKK terror dəstələri tərəfindən öldürülmüş, şəhid olmuş Türk əsgərlərinə, bizim soydaşlarımıza, qardaşlarımıza sayğı, hörmət göstərməkçün gəlmişik! Biz bu gün Türkiyənin içindəki terror qruplarını PKK adlı terroristlərə onların siyasi qollarına dəstək verən İsveç Partiyalarını, İsveç siyasilərini qınamaqçün burdayıq! Biz, bu gün, terroristlərin silahlandırılmasına son qoyulması istəyi ilə buraya toplaşmışıq. Terrorizm PKK adı ilə, PJAK adı ilə, YPG adı ilə, İŞİD adı ilə, “Mücahidin-xəlq” adı ilə, nə adı ilə olursa-olsun, silahsızlaşdırılıb yox edilməlidir. Bəsdir, bu ikili standartlarınıza son qoyun”, - deyə toplumun gurultulu alqışları ilə sözünü bitirdi Səttar bəy.

İsveç Türk Qadınlar Federasiyası başqanı Xədicə Tozluca terroru və türk-kürd qardaşlığını pozmaq cəhdlərini kəskin qınayaraq tənqid etdi. Daha sonra terror hücumlarında şəhid olan əsgərlərin, zabitlərin adları bir-bir çəkilərək yad edildi və onlarçün dualar oxundu. İsveçdə yaşayan Türkiyəli sənətçi Rahim Ərzurum '' Şəhidlər ölməz” və ”Ölürüm Türkiyem '' mahnılarını türkcə və kürdcə oxudu.

Digər tərəfdən, eyni saatlarda terror təşkilatı PKK dəstəkləyən 15-ə yaxın insan mitinq keçirilən ərazinin yanında icazəsiz nümayişə cəhd etdilər. Amma polis sıx təhlükəsizlik tədbirləri aldı. Mitinqi sabotaj etmək istəyən iki adam polislər tərəfindən tutulub aparıldı. Mitinqdən sonra iki qrup arasında kiçik həcmli münaqişə yaşandı. Polisin müdaxiləsi hadisələrin böyüməsini əngəllədi. Mitinqdən çəkilmiş foto və videoları sizə təqdim edirik.