Dövlət Departamenti Qənimət Zahid və Emin Millinin qohumlarının həbsinə münasibət bildirib » Memur.az

Dövlət Departamenti Qənimət Zahid və Emin Millinin qohumlarının həbsinə münasibət bildirib

Dövlət Departamenti Qənimət Zahid və Emin Millinin qohumlarının həbsinə münasibət bildirib

ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi Azərbaycanda jurnalistlərin qohumlarına qarşı təzyiqlər barədə bəyanat verib.

“Biz Azərbaycanda dinc sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalist və sivil cəmiyyət fəallarının həbslərindən dərin narahatlıq keçiririk. Biz Azərbaycan hökumətinə təkid edirik ki, öz vətəndaşlarının universal hüquqlarına hörmət etsin, vətəndaşların ədalətli mühakimə hüquqlarını təmin etsin və onlara öz baxışlarını sərbəst ifadə etməyə imkan versin”, deyə mətbuat idarəsinin Amerikanın Səsi-nin sualına cavabda verdiyi bəyanatda bildirilir.

Dövlət Departamentinin mətbuat idarəsi hesab edir ki, Azərbaycan öz gələcək sabitliyini və firavanlığını daha açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilər.

“Azərbaycan hökuməti ilə sivil cəmiyyət arasında işlək təmaslar ölkənin gələcəyi üçün mühümdür və ABŞ bunu dəstəkləyir. Biz bu məsələni dəfələrlə Azərbaycanın yüksək rütbəli rəsmiləri qarşısında qaldırmışıq və onları Azərbaycanın müstəqil mətbuatı qorumaq barədə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışıq”, deyə sənəddə qeyd edilir.

Mətbuat idarəsi bildirir ki, ötən günlərdə “Azərbaycan Saatı” proqramının aparıcısı Qənimət Zahid və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları müxtəlif qeyri-siyasi maddələrlə həbs olunublar.

“Cənab Zahid və Milli bu həbsləri özlərinin jurnalist fəaliyyəti ilə əlaqələndirir. Azərbaycanda müstəqil jurnalistlər və siyasi fəallar mütəmadi qaydada qeyri-siyasi maddələrlə həbs olunurlar. Bu sırada “narkotik maddə gəzdirmək”, “xuliqanlıq” və “vergidən yayınma” ittihamları geniş yer alır”, deyə bəyanatda bildirilir. /Contəkt.az/