Bakı Beynəlxalq Caz Festivalı başa çatıb » Memur.az

Bakı Beynəlxalq Caz Festivalı başa çatıb

Bakı Beynəlxalq Caz Festivalı başa çatıb

Noyabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən müntəzəm olaraq təşkil edilən bu festival on ildən artıqdır ki, həm ölkəmizdə, həm də xaricdə populyarlıq qazanıb.

Memur.az Azərtac-a istinadən xəbər verir ki, festival çərçivəsində Azərbaycan musiqiçiləri ilə yanaşı ABŞ, Kanada, Fransa, Almaniya, Niderland, Rusiya və Ukraynanın tanınmış ifaçıları konsert proqramı ilə çıxış ediblər. Festival günlərində azərbaycanlı ifaçılar Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab öz qrupları ilə, Amerikanın “Fourplay” qrupu, saksofonçu Çarlz Lloyd caz musiqisi həvəskarlarını sevindiriblər.

Konsertlər Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib.

Bakı Beynəlxalq Caz Festivalı gənc istedadlı müğənni, gitaraçı, bəstəkar və prodüser, əslən Kamerundan olan Ntjem Rozinin konserti ilə başa çatıb. Onun yaradıcılığına bir neçə sinql, üç studiya albomu və 2011-ci ildə Rotterdamda “Grounds” klubunda çıxışı zamanı yazılan audio və videodisklər daxildir. Bu disklər musiqiçinin “Gentle Daze Records” şəxsi markası altında buraxılıb.