Yardımlıda meşə yanır - YENİLƏNİB » Memur.az

Yardımlıda meşə yanır - YENİLƏNİB

Yardımlıda meşə yanır - YENİLƏNİBYardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi işləri bu gün də davam etdirilir.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb.

Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində bəzi çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, “Mi-17” yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub.

10:36

İyulun 5-də, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ETSN ilə bərabər Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.

“Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da, yanğın söndürülmə işləri davam etdirilir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir”, - deyə nazirliyin məlumatında bildirilib.

5 iyul, 12:18
Yardımlıda baş verən meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib.

Oxu.Az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin “Mi-17” yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub.

5 iyul, 10:17

Yardımlı dağlarında yanğın başlayıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir.

Yanğınsöndürmə işləri davam etdirilir.

Memur.az