Beyləqan bələdiyyəsinin sədri nəyə nail olmaq istəyir? » Memur.az

Beyləqan bələdiyyəsinin sədri nəyə nail olmaq istəyir?

Beyləqan bələdiyyəsinin sədri nəyə nail olmaq istəyir? Novruz Quliyevin həyata keçirdiyi bəzi işlər etirazla qarşılanmaqdadır Hələ bir müddət əvvəl Beyləqan Şəhər Bələdiyyəsinin sədri Novruz Quliyevlə bağlı məlumat yayılmışdı. Məlumatda Quliyevin bələdiyyə sədri olduqdan sonra özünə dəbdəbəli həyat qurması, bahalı maşınlara sahiblənməsi, habelə geniş miqyaslı obyektlərə yiyələnməsindən bəhs olunurdu. Yayılan son məlumatlara görə, bələdiyyə sədri Bələdiyyə Fonduna aid olan 1600 başlıq Kökəltmə Birliyi ərazisində 822 hektar torpaq sahəsini hərrac keçirmədən, fermerlərlə müqavilə bağlayaraq icarəyə verib. Məlumatlarda vurğulanır ki, bələdiyyə sədri 822 hektar ərazinin 500 hektarını qeyri-qanuni olaraq icarəyə verib. Bu muqavilələrin ümumi dəyəri isə 25 min manat civarındadır. Və həmin pulun bir qəpiyi belə dövlət büdcəsinə köçürülmür. Qeyd edək ki, torpaqlar icarəyə verildiyi təqdirdə mütləq Hərrac Komissiyası prosesdə iştirak etməli, icarə pulları isə yerli bələdiyyənin hesabına köçürülməlidir. Amma Novruz Quliyev bunun tam tərsini edir. Belə ki, nə hərrac keçirir, nə də başqa bir addım atır. İcarə müqaviləsini bağlayıb, aldığı pulları da cibinə qoyur. Beyləqan Şəhər Bələdiyyəsinin sədri şəhid ailələrinin yaslarında bəzən elə ifadələr işlədir ki, buna heç bir ad vermək mümkün deyil. Məsələn, o deyir ki, guya, yuxarılar onlara tapşırıb ki, hər bir şəhid ailəsinə bələdiyyələr 10 min manat pul verməlidirlər. Bundan başqa, həmin yas məclislərinin xərcləri də bələdiyyələrin üzərindədir. Novruz Quliyev bu tapşırığa məhəl qoymaq fikrində olmadığını, çünki pulunun olmadığını deyərək, şəhid ailələrinə onun tərəfindən bir qəpik də verilməyəcəyi barədə xəbərdarlıq edib. Bildirək ki, Novruz Quliyevin bu hərəkəti birmənalı olaraq şəhid adından sui-istifadədir. Dövlətin yetərli qədər pulu var və şəhid ailələrinin problemləri də məhz bu imkanlar hesabına həll edilir. Nə bələdiyyə sədri, nə də digərlərinin pullarına isə heç gərək də yoxdur. Novruz Quliyevin bu hərəkəti ermənilərin də əlinə bəzi «kozır»lar verir ki, Azərbaycana qarşı təbliğat aparsınlar. Məsələn, ermənilər bələdiyyə sədrinin açıqlamasını əsas götürərək iddia edə bilərlər ki, guya, 5 günlük müharibə Azərbaycanda ciddi sosial problemlər yaradıb, hətta hökumət şəhidlərini dəfn etmək üçün pul belə tapa bilmir. Və ya məkirli düşmənlərimiz bundan ordumuzda və əhali arasında geniş yaymaqla yararlanmağa çalışa bilər. Ki, insanlarda ruh düşgünlüyü yaransın. Görünür, Novruz Quliyevi bu vəzifəyə layiq bilən məmurlar onun savadını diqqətə almayıblar. Çünki savadlı biri heç bir zaman, xüsusən də indiki məqamda belə mənasız, təxribatçı ifadələri dilə gətirməzdi.
Qarşı tərəfi də dinləməyə hazırıq.