Azərbaycan qlobal enerji bazarının ən əhəmiyyətli oyunçularından biri kimi... » Memur.az

Azərbaycan qlobal enerji bazarının ən əhəmiyyətli oyunçularından biri kimi...

Azərbaycan qlobal enerji bazarının ən əhəmiyyətli oyunçularından biri kimi...

Azərbaycan Gürcüstanı yenidən xilas etdi. İllərdir, Gürcüstana ən çətin anlarında dayaq və dəstək olan Azərbaycan bu dəfə də qonşusunu naümid qoymadı. Kəpəz TV (Region TV) xəbər verir ki, aylardan bəri davam edən "qaz danışıqları" hər iki tərəf üçün uğurla başa çatdırıldı. Azərbaycan bundan sonra da Gürcüstanın ən böyük və ən sərfəli qiymətə qaz təchizatçısı olaraq qalacaq.

Gürcüstan Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr təbii qaz alacaq. Müvafiq razılaşmanı Tbilisidə Gürcüstanın Baş Nazirinin müavini Kaxa Kaladze və Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev imzalayıblar. Sənədə görə, Gürcüstana əlavə qaz həcmi ilə yanaşı "sosial" qaz üçün qiymətlər də aşağı düşüb. Belə ki, SOCAR-ın Gürcüstandakı qaz doldurma stansiyalarında kommersiya qazının qiyməti 1000 kubmetrə görə, 35-40 dollara qədər aşağı salınıb. Gürcüstanın rəsmi statistikasına görə, 2012-ci ildən bəri ölkədə istehlak olan qazın həcmi 40 faiz artıb və bu da əlavə qaz almaq tələbatını yaradıb. 2015-ci ildə Gürcüstan Azərbaycandan 1.51 milyon ton ekvivalentində ümumi dəyəri 314,3 milyon dollar məbləğində təbii qaz idxal edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə 9,2 faiz çoxdur. Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür və ölkənin bu qəbildən olan idxal məhsulunun 74 faizini təmin edir. Ümumilikdə isə Gürcüstan ötən il 419,44 milyon dollar dəyərində qaz idxal edib. Mavi qazın qalan hissəsini Rusiyadan və digər mənbələrdən alıb. Beləliklə, uzun müddətdən bəri davam edən "qaz danışıqları" uğurla başa çatdı. Burada rəsmi Bakının göstərdiyi səbr və təmkin nəzərdən qaçmamalıdır. Tbilisinin rəsmi və ya qeyri-rəsmi, bəzən nala-mıxa vuran bəyanatlarına Azərbaycanın soyuqqanlı reaksiyası bəzən təəccüb doğursa da, indi məlum olur ki, bunun arxasında dərindən düşünülmüş və reallıqlara əsaslanan tam praqmatik hesablamalar dururmuş. Ötən ildən başlayaraq, Gürcüstan rəhbərliyi yeni qaz mənbələrinin axtarışına başladı. Əslində, qonşumuzun seçimi o qədər də böyük deyildi. Bu ya ənənəvi təchizatçı SOCAR ya da müharibə vəziyyətində olduğu Rusiyanın QAZPROM şirkəti olmalı idi. Məntiqə görə, ikinci mənbə heç danışıqlar masasına gətirilməməli idi. Amma, görünən o idi ki, Tbilisidə QAZPROM tərəfdarlarının sayı süni şəkildə çoxaldılırdı. Hələ o vaxt rəsmi Bakı SOCAR vasitəsilə rəqabətdən çəkinmədiyini, əksinə azad rəqabətə hazır olduğunu bildirdi və sözünün arxasında durduğunu sübut etdi. Bununla birlikdə Neft Şirkətimiz regionda söz sahibi olduğunu da göstərdi.

İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri: "Azərbaycan Gürcüstana növbəti dəfə dəstək verməsi regionda söz sahibi olan güclərdən olduğunu sübut etdi".

Ötən əsrin ortalarından başlayan, sonlarına yaxın daha da şiddətlənən, hazırda hələ də kuliminasiyasına doğru yüksəlməkdə olan siyasi proseslərin əsasında enerji resurslarının dayandığı gün kimi aydındır. Müasir dünyamızda enerji resurslarından alət, bəzən təzyiq vasitəsi kimi istifadə edilməsi nə qədər acı da olsa həqiqətdir. Son vaxtlar tez-tez "3-cü dünya müharibəsinin astanasındayıq", "Dünya yeni müharibə ərəfəsindədir" və s. bu məzmunlu xəbər başlıqlarına rast gəlirik. Əslində bu savaş artıq başlayıb. 21-ci əsrin bu savaşı "Enerji müharibəsi" adlanır. Bu müharibənin də öz qanunları var. Bəzən bu qanunları başa düşmək çətin olsa belə. Hazırda dünyada, xüsusən də enerji resursları ilə zəngin olan torpaqlarda qanlı savaşlar gedir. İndi bu savaşın forma və məzmunu dəyişib. Nəhəng dövlətlər biri digərinin kürəyini yerə vurmaq üçün demək olar ki, topdan-tüfəngdən istifadə etmir. İndi iqtisadi rıçaqlar güllə yarasından daha ağrılıdır. Halbuki, ölkələrin malik olduğu, digər dövlətlərlə paylaşmağa razı olduğu enerji daşıyıcılarından əldə edilən gəlir xalqların rifahına, xoş güzərana gətirib çıxarmalıdır. Məhz bu xətti seçən Azərbaycan dövləti həm özünün, həm də regionun enerji təhlükəsizliyinin təminatı üçün böyük işlər görür. İndi Azərbaycan öz enerji resurslarını Aralıq dənizi, Balkanlar, Şərqi və Mərkəzi Avropa, Asiya ölkələrinə çatdırmaq üçün layihələr hazırlayan onları həyata keçirən əsas təşəbbüskarlardan birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək "Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır".

Bəli, təəssüflər olsun ki, bu gün Azərbaycan kimi hərəkət edən dövlətlərin sayı barmaqla sayıla biləcək qədər azdır. Və bu amil artıq bizim xeyrimizə işləməyə başlayıb. İstər yaxın qonşular, istərsə də uzaq dövlətlər Azərbaycanı qarşılıqlı faydalı əməkdaşlığa açıq olan, heç bir gizli məqsəd güdməyən etibarlı tərəfdaş kimi tanıyırlar. Belə bir imic isə biznes aləmində ən böyük kapital hesab edilir.