Gəncə "Simsiz internet şəbəkəsi" ilə təmin olunur » Memur.az

Gəncə "Simsiz internet şəbəkəsi" ilə təmin olunur

Gəncə "Simsiz internet şəbəkəsi" ilə təmin olunurGəncədə insanların pulsuz internetə çıxışını təmin etmək üçün müəyyən ərazilərdə simsiz internet şəbəkəsi quraşdırılıb.

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, şəhərin bütün hissələrində internetə çıxışı təmin etməyi hədəfləyən üçmərhələli layihənin birinci mərhələsi artıq yekunlaşıb.

Bu il Avropa Gənclər Paytaxtı tituluna sahib Gəncə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. "Simsiz internet şəbəkəsi" layihəsinin reallaşdırılmasında da əsas məqsəd gənclərin və şəhərə gələn qonaqların internetə əlçatanlığını təmin etməkdir. Hazırda şəhərin Heydər Əliyev meydanından ADAU-nun baş binasınadək olan ərazi 500 metr radiusda simsiz internet şəbəkəsi ilə təmin edilib.

"Gandja Wi-Fi" şəbəkəsindən eyni zamanda Heydər Əliyev park-kompleksinin ərazisində də yararlanmaq mümkündür. Şəbəkədən sui-istifadə hallarının qarşısını almaq üçün müəyyən vaxt və yükləmə məhdudiyyəti qoyulub. İnternet xidmətindən istifadə etmək istəyənlər rəsmi şəkildə qeydiyyatdan keçməlidirlər.

Şəbəkəyə qoşulmaq istəyəndə yeni bir səhifə açılır və istifadəçiyə qeydiyyatdan keçməsi təklif olunur. Bunun üçün açılan pəncərədə ad, soyad, təvəllüd, ünvan kimi bölmələri doldurmaq lazımdır. Bölmələr doldurulduqdan və təsdiq düyməsi basıldıqdan sonra, istifadəçiyə şifrə veriləcək. Bundan sonra o, özünün seçdiyi istifadəçi adı və ona verilən şifrəni istifadə etməklə şəbəkəyə daxil ola bilər.