Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu » Memur.az

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu

Ölkəni xaricdə təmsil etmək yalnız siyasətçilərin işi deyil. Bu məsələdə gənclərin də üzərinə böyük yük düşür. Xüsusilə də, erməni lobbiçiliyinin dünyada geniş yayıldığı, beynəlxalq təşkilatların Azərbaycana qarşı bir çox məsələlərdə ikili standartlarla yanaşdığı bir dövrdə.

Azərbaycanda lobbiçilik hərəkatının tarixi elə də qədim deyil. Təxminən elə müstəqil Azərbaycanın yaşına bərabərdir. Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra dövlətin qarşısında duran əsas məsələlərdən biri də məhz xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlandırılması və onların ölkə hüdudlarından kənarda Azərbaycanın milli maraqlarının qorunması və təbliği işinə cəlb edilməsi idi. Respublikada diaspor quruculuğu siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Və bu siyasət bu gün də uğurla davam etdirilir. Kəpəz televiziyası (Region TV) xəbər verir ki, son bir neçə ildə isə gənclərin bu işə töhfəsi günü-gündən artır.

Elşad Miraləm - Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri: "Ötən dövrdə bir çox ölkələrdə azərbaycanlı gənclər tərəfindən müxtəlif təşkilatlar yaradılıb. Hal-hazırda bu təşkilatların sayı 60-dan çoxdur. Və bilirsiniz ki, 2010-cu ildə Bakıda Dünya Azərbaycanlı Gənclərinin birinci konqresi keçirilib. Həmin konqresin yaradılmasında da əsas məqsəd ondan ibarət idi ki, xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri vahid bir ideya ətrafında birləşdirmək və onların Azərbaycan həqiqətlərinin təbliği işində və Azərbaycanla bağlı dünya ictimaiyyətinin daha obyektiv, daha dəqiq məlumatlandırılması işində daha fəal iştirakını təmin etməkdən ibarət idi. Bu mənada ötən dövrdə dünyanın bir çox ölkələrində azərbaycanlı gənclər tərəfindən müxtəlif təşkilatlar ayardıldı və bu gün də həmin təşkilatlar bizim diaspor hərəkatında iştirak edirlər. Uzun illərdir fəaliyyət göstərən diaspor təşkilatları var ki, onların da gənclər qolları fəaliyyət göstərir. Və azərbaycanlı gənclər bu diaspor təşkilatlarında da öz sözlərini deyə bilirlər. Demək olar ki, bu illər ərzində azərbaycanlı gənclərin diaspor fəaliyyətində iştirakının səviyyəsi artıb".

Bəli, məsələn elə Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyəti də bunu təsdiq edən nümunələrdən biridir. 2012-ci ilin fevralında yaranan bu qurum ümumukrayna statusu alan ilk gənclər təşkilatıdır. Məqsədi Kiyevdə və Ukraynanın digər bölgələrində yaşayan azərbaycanlı gəncləri birləşdirmək və onların işini koordinasiya etməkdir:

Elsevər Paşayev - Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri: "Ukraynaya son illər çox sayda azərbaycanlı tələbələr gəlir. Onların Ukrayna cəmiyyətinə inteqrasiyasında müxtəlif problemlər yaranır. Məhz bu da bu təşkilatın yaranmasını zəruri edən amillərdən biri idi. Çünki həmin gənclərin yerli cəmiyyətə uyğunlaşması, orada Azərbaycanı layiqincə təmsil etməsi, fəal gənclərin qabağa çəkilməsi, azərbaycanlı gənclərin öz vətəndaş mövqeyini bildirməsi üçün biz bir növ əlaqələndirici rolunu oynadıq. Biz Ukraynada dövlət qeydiyyatından keçmiş gənclər təşkilatı olduğumuz üçün yerli gənclərlə Azərbaycan həqiqətlərini, ölkəmiz haqqında məlumat yaymaq, tələbələrimizin təhsil aldıqlkarı ali məktəblərdə Azərbaycanla bağlı guşələrin yaradılması, Azərbaycanla bağlı tədbirlərin keçirilməsi üçün çoxşaxəli fəaliyyətlərə başladıq. Bundan başqa, Azərbaycanın dövlət, milli bayramları olanda bizim gənclərin bu bayramları ölkə xaricində də qeyd etməsi üçün tədbirlər keçirirdik. Həmin tədbirlərdə ukraynalılar da iştirak edirdilər".

Və əlbəttə ki, təşkilatın fəaliyyətinin prioritet istiqamətlərindən biri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Xüsusilə də Dağlıq Qarabağla bağlı gerçəkliklərin. Bu yöndə müəyyən uğurlar da qazanılıb. Elsevər Paşayev deyir ki, özləri də işğaldan əziyyət çəkən ukraynalılar artıq erməni yalanlarına inanmırlar. İndi onlar Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini, təcavüzün nə demək olduğunu daha yaxşı dərk edirlər.

Elsevər Paşayev: "Krım hadisələrindən sonra, Ukrayna özü işğala məruz qaldıqdan sonra Ukrayna bunu öz üzərində hiss etdi və başa düşdü ki, aşağı-yuxarı hardasa bu problemlərin kökü eynidir. İndi onlar daha yaxşı başa düşürlər ki, Qarabağ probleminin kökü də eyni hadisədir, eyni problemdir. Bu cəhətdən daha çox ukraynalıların Azərbaycanı dəstəklədiklərini hiss edirəm. Bundan əlavə, BMT-də Krımın ilhaqı ilə bağlı qətnamə qəbul olunanda Ermənistandan fərqli olaraq, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdı. Bunun da rolu böyük oldu".

Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında ən fəal rol oynayan və çox böyük uğurlara nail olan təşkilatlardan biri də Rusiya Azərbaycanlı Gənclər Təşkilatıdır. 2009-cu ildə fəaliyyətə başlayan təşkilatın məqsədi Azərbaycan mədəni irsinin Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüsləri, Azərbaycan gənclərinin dəstəklənməsi, onların Rusiya cəmiyyətinin mədəni həyatına daha fəal inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi və əxlaqi əsaslarını qorumaq və möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının indiyədək həyata keçirdiyi uğurlu layihələrdən biri və bəlkə də elə birincisi "Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır.

Elşad Miraləm: "Bilirsiniz ki, Leyla xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən bu təşkilat ötən illərdə çox böyük bir kampaniya həyata keçirib və 2009-cu ildən başlayan bu kampaniya bu gün də davam edir. "Xocalıya ədalət" beynəlxalq kampaniyası nəticəsində bir sıra ölkələrdə Xocalı soyqırımının tanıdılmasına nail olunub. Eyni zamanda, ABŞ-da 15 ştat Xocalı soyqırımını tanıyıb. Müxtəlif beynəlxalq təşkilatlarda bununla bağlı iş aparılır. Gənclər harada yaşamasından, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq həmişə Azərbaycan həqiqətlərinin təbliği işində fəal iştirak edirlər və könüllü şəkildə bu proseslərə qoşulurlar".

Düzdür, təşkilatlanma özlüyündə müsbət amildir. Ancaq ölkəni fərdi qaydada da layiqincə təmsil etmək olar. Məsələn, elə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin tələbəsi Cəfər Mənsimi kimi. Bu 21 yaşlı gənc ictimai fəaliyyətinə görə təhsil aldığı universitetin rektoru tərəfindən təhsil haqqından azad edilən və bununla əlaqədar universitetin "Yüksək şərəf" siyahısına daxil edilən ilk tələbədir. Ayrıca Şimali Kiprin təhsil nazirinin xüsusi təqaüdünə də layiq görülub. Cəfər eyni zamanda 2012-ci ildən Şimali Kiprin ən çox oxunan və 16 min tirajla çap olunan "KIBRIS" qəzetində Azərbaycanla bağlı yazıların müəllifidir.

Cəfər Mənsimi - Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbə: "Mən bu il Doğu Akdeniz Universitetinin Media Fakültəsinin İctimaiyyətlə Əlaqələr və Reklamçılıq kafedrasından birinciliklə məzun olmuşam. Düşünürəm ki, bu özü də Azərbaycanı təbliğ etməyin vasitələrindən biridir. Onu da qeyd edim ki, 111 şəxsdən müsahibələr almışdım. Bu müsahibələr "Uğur kitabı" adı altında tələbəsi olduğum universiettin sponsorluğu ilə çap olunub. Kitaba ön sözü Kiprin 3-cü prezidenti Dərviş Eroğlu yazıb. Bu kitabın məqsədlərindən biri də Azərbaycan və Şimali Kipr arasında fikir körpüsü qurmaq, həmçinin oxucuların özlərinə varmasını təşkil etmək, eyni zamanda, uğurla bağlı fərqli fikirləri ortaya qoymaq, yeni ideyalar formalaşdırmaqdır. Burada həm azərbaycanlıların Kiprdə, həm də kiprli türklərin Azərbaycanda tanınması məqsədlərimizdən biri idi. Kitabın Kiprdə təqdimatı oldu. Təqdimat teatr oyunu ilə gerçəkləşdi. İkinci təqdimat isə Azərbaycanda oldu. Xüsusi günlərimizi qeyd edirik. Seminarlar, tədbirlər təşkil olunur. Kipr KİV-də bu mövzularda yazılar dərc olunur".

Almaniyanın Nürnberq şəhəri yaxınlığında yerləşən Vaynştefan Trizdorf Universitetində aqrar menecment ixtisası üzrə təhsili alan azərbaycanlı tələbə Aygün Heydərova da bacardığı qədər ölkəsini təbliğ etməyə çalışır:

Aygün Heydərova - Almaniyada təhsil alan tələbə: "Birinci semestrdə ailəqə qaldım. Həmin ailədə Azərbaycanla bağlı çox maraqlanırdılar. Mən də yeməklər bişirirdim. Dadına baxırdılar, bəyənirdilər. Bizim yeməklər çox dadlıdı axı. Bol ətli filan... Çox xoşlayırdılar. Çox da maraqlanırdılar... Azərbaycanın tanınması ilə bağlı burda hər il beynəlxalq gecələr təşkil olunur. Həmin tədbirlərdə hər bir ölkə özünün milli dəyərlərini nümayiş etdirir. Məsələn, səhnəyə çıxırıq, Azərbaycan rəqsləri nümayiş etdiririk milli paltarlarda, hətta şirniyyatlar bişiririk, gələn qonaqlara satılır."

Aygün onu da deyir ki, azərbaycanlı tələbələr xaricdə dövlət dəstəyini çox yaxından hiss edirlər. Və bu baxımdan digər ölkələrin tələbələri onlara qibtə edir: "Məsələn, mən dövlət proqramına qəbul olunmuşdum. Biz təqaüd də alırıq. Öz də yetəri qədər. Heç bir ölkədə bu qədər təqaüd verilmir. Onlar gəlib Almaniyada o təqaüdü almağa çalışırlar. Ama bizə bu təqaüdü dövlət verir".

Qabil Əliyev bütün Yaponiyada yaşayan təxminən 35 azərbaycanlı tələbədən biridir. Həm də o, əcnəbilərin daha az üz tutduğu Sapporo şəhərində yaşayır. Qabil burada Hokkaido Universitetində menecment üzrə magistr təhsili alır. Təhsili ilə əlaqədar vaxt azlığı olsa da, gündoğar ölkədə Azərbaycanı təbliğ etməyi də unutmur. Məsələn, ötən ilin dekabr ayında Sapporoda keçirilən 19-cu SKY OPEN seminarında iştirak edib və yaponları Azərbaycanın nəqliyyat sistemi barədə məlumatlandırıb. Qabil Əliyev etiraf edir ki, onun yaşadığı şəhərin sakinlərinin Azərbaycan barədə məlumatı azdır. Buna görə də onun üzərinə daha böyük məsuliyyət düşür: "Azərbaycan deyəndə bir az çətinlik çəkirlər. Soruşurlar hara yaxındır və siz deyirsiniz ki, Xəzər dənizi. Kaspi kay deyirlər onlar bura. Azərbaycan deyə bir ölkənin varlığı barədə bir az yaşlı yaponlar daha çox məlumatlıdırlar. Mən özüm bir ildir buradayam. Bir az oturuşmaq, elmi işlə bağlı vaxt çox gedir istər-istəməz. İndi-indi artıq nəsə etmək istəyirəm. Mənlə gələn tələbə isə artıq burda xarici tələbələrin "Huis" adlı qurumu var, o qurumun rəhbəridir. Əli bəy Məmmədov adında şəxsdir. O da burda Kuril adaları problemi var Rusiya ilə Yaponiya arasında. Ta əvvəldən. Rusiya deyir bizimdir, Yaponiya deyir bizimdir. Həmin problemin Qarabağ problemi ilə müqayisəli şəkildə tədqiqatı ilə bağlı magistr təhsili alırdı. Artıq magistr təhsilini bitirib, doktoranturada oxuyur".

Ümumiyyətlə, bu gün xaricdə yaşayan azərbaycanlıların, xüsusən də gənclərin ölkəmizlə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu istiqamətində fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu sahədə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin işi də vurğulanmalıdır.