Prezidentin köməkçisi: “Düşmənin SCUD tipli raketlə mülki əhalini hədəf alması ATƏT məkanında birinci haldır” » Memur.az

Prezidentin köməkçisi: “Düşmənin SCUD tipli raketlə mülki əhalini hədəf alması ATƏT məkanında birinci haldır”

Prezidentin köməkçisi: “Düşmənin SCUD tipli raketlə mülki əhalini hədəf alması ATƏT məkanında birinci haldır”“Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir”.

Bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlama yayıb.

Onun sözlərinə görə, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir:

“Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.

11 oktyabrda Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə SCUD tipli ballistik raket də Ermənistanın ərazisindən atılmışdı. SCUD tipli böyük məhv etmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir.    

Ermənistanın operativ-taktiki ballistik raket sistemləri bu gün səhər radələrindən start vəziyyətinə gətirilərək, Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini yenidən hədəfə alınmışdı.

Mülki insanların həyatını xilas etmək üçün qabaqlayıcı zərbə ilə atəşə hazır olan bu legitim hərbi hədəflər olan raket kompleksləri zərərsizləşdirilib. Ermənistanın Müdafiə Nazirliyi özü də bu raketlərin döyüş hazırlığına gətirildiyini etiraf etmək məcburiyyətində qalıb.

Bu gün səhər 07.00 radələrindən Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır. Bir nəfər həlak olub. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində səkkiz nəfər mülki şəxs yaralanıb. 100-dən çox mərmi atılıb.

Yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də vardır.

Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsini hüququnu özündə saxlayır”.