Bakı metrosundakı ən son yeniliklər açıqlandı » Memur.az

Bakı metrosundakı ən son yeniliklər açıqlandı

Bakı metrosundakı ən son yeniliklər açıqlandı2020-ci ildə Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli vaqonların sayı 75-ə, xətdə hərəkət edən qatarların sayı 15-ə çatdırılıb. 

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin yaydığı hesabatda qeyd olunub.

2020-ci ildə yeni növ koronavirusun yayılma ehtimalının qarşısının alınması məqsədilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti müxtəlif dövrlərdə dayandırılsa da, yaranmış fasilələrdən səmərəli istifadə olunub. Lakin o da məlumdur ki, tikinti meydançalarından fərqli olaraq, istismarda əsas vəzifə, işlərin metropolitenin sərnişindaşıma fəaliyyətinə hazır olması şəraitində həyata keçirilməsini hər an tələb edirdi.

2020-ci ilin pandemiya məhdudiyyətlərinə rəğmən istehsalı vaxtında yekunlaşdırılan 20 vaqondan ibarət daha dörd qatar da sərnişinlərə xidmət göstərir. 2019-cu ilin oktyabr ayında “Metrovaqonmaş”la bağlanmış müqaviləyə əsasən, gətirilmiş qatarların daha bir özəlliyi ondan ibarət oldu ki, onların “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqlarını artıq əvvəlki dövrdə müvafiq hazırlıq keçmiş və təcrübəsi olan işçilər apardılar.

İki qatar iyun ayının 29-da, digər növbəti sərnişindaşıma qadağası götürüldükdən sonra, sentyabrın 14-də xəttə buraxılıb. Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli vaqonların sayı 75-ə, xətdə hərəkət edən qatarların sayı 15-ə çatdırılıb. Qatarlardan 3-ü “Həzi Aslanov-İçərişəhər”, 12-si “Həzi Aslanov-Dərnəgül” xəttində hərəkət edir.

Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də, ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir.

Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.