Tarix : 23-02-2022, 09:47 | Bölmə: texnologiya

Ölən insanın beyin fəaliyyəti ilk dəfə qeydə alındıAvstraliya alimləri tarixdə ilk dəfə olaraq ölən insanın beyin fəaliyyətini qeydə alıblar.

Bu, 87 yaşlı epilepsiya xəstəsinin elektroensefaloqrammasında (EEQ) öz əksini tapıb. Həkimlər onun səhhətini davamlı olaraq izləyiblər. Lakin qoca qəflətən ürək tutmasından ölüb.

Beləliklə də, elm adamları ölümdən əvvəl, ölüm anında və ölümdən sonra kişinin beyin fəaliyyətinin 15 dəqiqəlik yazısını əldə edə bildilər.

Tədqiqatçılar diqqəti EEQ yazısının 30 saniyəlik seqmentinə yönəldib, onu iki hissəyə - ürəyin hələ döyündüyü və artıq dayandığı vaxta bölüblər.

Məlum olub ki, ölümdən bilavasitə əvvəl beyində qamma dalğaları xüsusilə aktiv olub. Onlar yuxu, meditasiya və xatırlama proseslərində iştirak edirlər.

“Təhlillər nəticəsində biz öyrəndik ki, hətta sevdiklərimizin gözləri bağlandıqda və bizi tərk etməyə hazır olduqda belə, onların beyni keçmişin ən xoş anlarını canlandıra bilər”, - deyə alimlər bildiriblər.

Onlar həmçinin ilk dəfə olaraq insan beyninin bu orqanda qan dövranı dayandıqdan sonra belə koordinasiyalı şəkildə işləməyə qadir olduğuna dair dəlillər tapdılar.

“Tədqiqat yalnız bir nəfərin iştirakı ilə aparılıb və onun beyni epilepsiyadan zədələnib. Buna görə də nəticələrə tam əmin olmaq üçün əlavə məlumatlara ehtiyac var”, - deyə qeyd olunub.

Mənbə: knife.media

Oxşar xəbərlər