Ağstafada silah-sursat aşkarlandı » Memur.az

Ağstafada silah-sursat aşkarlandı

Ağstafada silah-sursat aşkarlandıAğstafa rayonunda silah-sursat aşkarlanıb.

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, 2019-cu il 26 Avqust tarixində saat 17:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində güllə, tüfəng və əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1940 ədəd müxtəlif çaplı patron, 4 ədəd avtomat darağı, 1 ədəd tir tüfəngi və 1 ədəd tir tapançası aşkar olunub.

Aşkar olunmuş tir tüfəngi və tir tapançası Ağstafa rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verilib, digər hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyalar ətrafında 250 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.