Tarix : 21-05-2019, 02:05 | Bölmə: tedbirler

Ordumuzda bir ayda dörd təlim - İntensivləşmənin səbəbi nədir?Son vaxtlar Azərbaycan ordusu müxtəlif miqyasda təlimlərin sayını artırıb. Biz quru qoşunlarla yanaşı, digər qoşun növlərində də ayrı-ayrılıqda təlimlərin həyata keçirildiyinin şahidi oluruq.

Bəs ordumuzun hərbi təlimlərinin sayının bu dərəcədə artması nəyə hesablanıb?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bu təlimlər yalnız və yalnız Azərbaycan ordusunun güclənməsi, döyüş bacarığının daha da təkmilləşdirilməsi məqsədilə aparılır.“Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üçün çalışır. Onların qarşısına qoyulan tapşırıqların həyata keçirilməsi üçün təlimlər təşkil olunur. Danışıqların arzuolunan nəticələrə səbəb olmadığı bir vaxtda ordunun imkanlarından istifadə zərurəti yaranan zaman Silahlı Qüvvələrin üzərinə məsuliyyət düşəcək. Azərbaycan ordusu da bu işləri həyata keçirmək üçün döyüş bacarığını gücləndirməlidir ki, hərbi əməliyyatlar uğurla, qələbə ilə nəticələnsin”.

O bildirib ki, Azərbaycan ordusunun bu təlimlərinin nəticələrini hərbi əməliyyatlar başlayan zaman görəcəyik. Ekspertin sözlərinə görə, təlimlərin sayının artırılması Ermənistanda da kifayət qədər narahatlıq yaradıb.

“Son vaxtlar Azərbaycan ordusunda aparılan islahatlar, texnikaların sayının artırılması, texniki imkanların yaxşılaşdırılması, şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi Yerevan rəhbərliyini narahat etməyə bilməz. İrimiqyaslı təlimlərin sayının artırılması Ermənistan tərəfində ajiotaja səbəb olub.

Bunun nəticəsidir ki, ermənilər Azərbaycan ordusu irimiqyaslı təlimlər keçdiyi zaman dəfələrlə beynəlxalq qurumlara əsassız olaraq, şikayətlər edirlər. Hesab edirəm ki, erməniləri bu məsələdə anlamaq olar. Çünki onlar yaxşı başa düşürlər ki, Azərbaycan ordusunun döyüş imkanlarının yaxşılaşdırılmasına yönələn bu təlimlər sonda Ermənistan üçün pis nəticələnəcək. Bu, əslində, bizim uğurumuzdur”, – R.Məmmədli qeyd edib.Məlumat üçün bildirək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən Azərbaycan Ordusunun təlimləri başlayıb.

Təlimin əsas mövzusu düşmənin gecə hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

Bundan öncə, mayın 1-dən 3-dək Azərbaycan-Türkiyə qoşunlarının birgə döyüş təlimləri, mayın 1-də 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazalarından birində komanda-qərargah təlimi baş tutub.

Mayın 8-də isə Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti təlim-metodiki toplantı keçirilib.

Oxşar xəbərlər