Prezident: "Regionda baş verənlər nikbinliyə əsas vermir" - YENİLƏNİB » Memur.az

Prezident: "Regionda baş verənlər nikbinliyə əsas vermir" - YENİLƏNİB

Prezident: "Regionda baş verənlər nikbinliyə əsas vermir" - YENİLƏNİB

Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil edildiyini, hər iki ölkənin Forumun keçirilməsində aparıcı rol oynadıqlarını bildirib.

Dövlət başçısı Rusiya prezidenti ilə avqust ayında keçirilən görüşündə bu mövzuya toxunduqlarını da qeyd edərək Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlərin aktual olduğunu deyib.

Prezident İlham Əliyev regionda və dünyada baş verənlərin nikbinlik üçün əsas vermədiyini, bu səbəbdən humanitar əməkdaşlıq və sülhün bərqərar olması məqsədilə daha çox səy göstərməyin vacibliyini qeyd edib və bu məsələdə Azərbaycanın təcrübəsinin çox əhəmiyyətli olduğunu, bir sıra ölkələrdə bu təcrübənin öyrənilməsinə ehtiyacın duyulduğunu bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin zəngin tarixə malik olduğunu deyən dövlət başçısı Rusiya və Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets isə öz növbəsində Bakının gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirib: “Bakının müasir siması həqiqətən məni çox təsirləndirdi. Bakı Azərbaycanın çoxəsrlik ənənələrini, eyni zamanda, bu gün dünyada yaranmış bütün yenilikləri özündə birləşdirir. Heydər Əliyev Mərkəzinin nümunəsində Bakının simasının güclü təsir bağışlayır”.

“Rusiya tərəfi Sizin sülhə, əməkdaşlığa verdiyiniz töhfəni çox yüksək qiymətləndirir”, - deyən Rusiya Hökuməti sədrinin müavini Rusiyanın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, hər iki ölkə arasında əməkdaşlığın səmərəli və çoxşaxəli olduğunu bildirib.

Bakıda müxtəlif görüşlər keçirəcəyini, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olacaqlarını deyən Olqa Qolodets səhiyyə və mədəni turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Rusiyanın ali məktəbləri arasında gənclərin regional forumlarının keçirilməsi, uşaqların yay düşərgələrində istirahəti və digər məsələlər müzakirə olunub.

**
13:39
Prezident İlham Əliyev bu gün İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, prezident bu gün keçirdiyi daha bir qəbulda Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.