Azərbaycanın xalq artisti vəfat etdi » Memur.az

Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti vəfat etdi

Məşhur rejissor ağır xəstəlikdən əziyyət çəkirdi.

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib.

Memur.Az Trend-ə istinadən xəbər verir ki, uzun sürən ağır xəstəlikdən sonra görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, professor, elmlər doktoru, kinorejissor Tofiq İsmayılov martın 25-də dünyasını dəyişib.

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Teatr Institutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb.

Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaçılar Teatrında aktyorluqdan başlayıb. 1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində rejissor, 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir. Uzun illər ərzində onlarla bədii filmlərə quruluş verib.

O milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları "Mən nəğmə bəstələyirəm", "Bizim küçənin oğlanları", "Gilas ağacı", "Oxuyur Müslüm Maqomayev", "Əzablı yollar", "Musiqi müəllimi", "Vulkana doğru" kimi filmlərin rejissorudur. O, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışmışdır, kafedraya rəhbərlik edib.

1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşaviri olmuşdur. Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük xidmət göstərib Azərbaycan ədəbiyyat və incəsənətinin Türkiyədə təbliğ etmək üçün çox iş görmüş, çoxsaylı teatr və kino festivallarının, ədəbiyyat günlərinin, təqdimatların təşkilatçısı olmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.

Tofiq İsmayılov 25 davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışmışdır, bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunmuş filmləri qeyd etmək olar. O, "Türk xalqarının kino tarixi" üç cildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr kitbları dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur.

Tanınmış rejissor, təcrübəli pedaqoq və səmimi insan Tofiq Hüseyn oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət etsin!