Hücum diplomatiyasının təntənəsi – TƏHLİL » Memur.az

Hücum diplomatiyasının təntənəsi – TƏHLİL

Hücum diplomatiyasının təntənəsi – TƏHLİLPolitoloqların fikrincə, Brüssel görüşü ermənilərin Avropaya bağladıqları ümidlərini alt-üst etdi. Azərbaycan Prezidenti bir daha Avropadan bütün dünyaya elan etdi ki, milli məsələdə, Azərbaycanın təhlükəsizliyi mövzusunda heç bir güzəştdən söhbət gedə bilməz.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirildi. Görüşdən sonrakı ilkin bəyanatlar Azərbaycanın daha bir uğura imza atdığını göstərir. Brüssel görüşü ilə bağlı ilkin açıqlamalardan çıxan nəticələr nədən ibarətdir? Dövlət başçısının Zəngəzur dəhlizinə alternativ olaraq Laçın dəhlizi məsələsini gündəmə gətirməsi nəyə hesablanıb?

“Paşinyanın başqa yolu yoxdur”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanın dövlət başçıları arasında keçirilən görüşün nəticəsi haqdakı rəsmi bəyanatı məhz bundan xəbər verir. Sənəddə açıq şəkildə vurğulanır ki, Avropa İttifaqı üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini, Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı birbaşa danışıqlara başlanmasını, minalanmış ərazilərin xəritələrinin tam təqdim edilməsini, itkin düşmüş şəxslərlə bağlı dəqiq bilgilər verilməsini istəyir. Brüssel sərhədlərin dəqiqləşdirilməsinin də tezləşdirilməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır”. “Avropa İttifaqının sərgilədiyi mövqe…”

Deputat vurğuladı ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünə xas populistliklə bunu qələbəsi kimi təqdim etməyə çalışsa da, dəhliz məsələsində də Avropa İttifaqının sərgilədiyi mövqe, bununla bağlı indiyə kimi stol üzərində olan digər təklifdən, açıq desək, Azərbaycanın maraqları baxımından daha əlverişlidir: “Paşinyan dəhlizdən danışarkən burada gömrük və sərhəd qaydalarına əməl olunacağını vurğulayır. Amma onun açıqlamasında həmin qaydaların tərəflərin suverenliyinin qarşılıqlı gözlənilməsi şərti ilə tətbiq ediləcəyi də öz əksini tapıb ki, bu da Prezident İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistan gömrük postu və sərhəd məntəqəsi quracağı halda, Azərbaycanın da Laçın yolunda oxşar addım atmaq haqqının olduğu haqda tələbinin yerinə yetirilməsi deməkdir. Bu o deməkdir ki, Ermənistandan Qarabağa gələnlər artıq Rusiyanın oradakı hərbi kontingentinin deyil, Azərbaycan sərhədçi və gömrükçülərinin nəzarətindən keçəcək. Beləliklə, rəsmi Bakının xarici siyasətdəki balanslı davranış postkonflikt dönəmində də davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq. Əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə, vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diktə edən tərəf rolunda Azərbaycan çıxış edir, edəcək”.

“Bu, sərsəmləmədir”

S.Alıyev qeyd edib ki, bəziləri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini gözdən salmaq üçün Zəngəzur dəhlizi ilə Laçın yolunun eyni status daşımasının, guya, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissəsinin gələcəkdə Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər: “Bu, sərsəmləmədir. Bütün dünya, Rusiya özü belə prezident səviyyəsində Qarabağın da Naxçıvan kimi Azərbaycan torpağı olduğunu deyir. Hətta Paşinyan belə arada buna eyham vurur. Bir də heç kəs yaddan çıxarmasın ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissəsi dedikdə, söhbət, ətrafında Azərbaycan ordusunun 20-ə yaxın hərbi hissəsinin, yüzdən artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz minlərlə soydaşımızın yerləşəcəyi torpağımızdan gedir”.“İlham Əliyev ermənilərin ümidlərini alt-üst etdi”

Politoloq Əlimusa İbrahimov bildirdi ki, Prezident İlham Əliyevin Brüssel səfəri həm regionumuzda, həm də qlobal səviyyədə geniş maraqla gözlənilirdi: “Bütün siyasi qüvvələr böyük səbirsizliklə İlham Əliyevlə Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək görüşü gözləyirdi. Amma İlham Əliyev böyük ustalıqla, özünəməxsus gedişi ilə bütün məsələləri NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə həll etdi. O, nə Paşinyanı, nə erməni tərəfini, nə də ermənilərin Avropa böyüklüyündə himayədarlarını intizarda qoymayaraq, üçtərəfli görüşə qədər öz sözünü dedi. Bununla da İlham Əliyev Paşinyan başda olmaqla bütün ermənilərin Avropaya bağladıqları ümidlərini alt-üst etdi. Dövlət başçısı bir daha Avropadan bütün dünyaya elan etdi ki, milli məsələdə, Azərbaycanın təhlükəsizliyi mövzusunda heç bir güzəştdən söhbət gedə bilməz. Heç bir təşkilat Azərbaycanla münasibətdə təzyiq vasitəsinə əl atmamalıdır. Avropa Ermənistanın gələcəyini istəyirsə, ona təsir və təzyiq etməlidir. Təsadüfi deyil ki, dövlət başçısının Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı məhz Avropanın paytaxtı hesab olunan Brüssel şəhərində səsləndirdiyi bəyanat növbəti dəfə ermənilərin qol-qanadını qırdı. Paşinyanın suyu süzülə-süzülə yenidən Putinə üz tutmaqdan başqa çarəsi qalmadı”.

Unudulmayacaq siyasət dərsi

Ə.İbrahimov qeyd etdi ki, ermənilər və onların havadarları Paşinyanı Rusiyada görüş keçirməkdən imtina etməyə məcbur edərkən düşünürdülər ki, Brüsseldə İlham Əliyevdən hər hansı bir güzəşt ala biləcəklər: “İlham Əliyev isə bütün diplomatik səriştəsini və dövlət rəhbəri kimi sərhədsiz imkanlarını ortaya qoyaraq Avropanın başında oturanlara heç vaxt unutmayacaqları siyasət dərsi keçdi. Azərbaycan diplomatiyasının Brüsseldə qazandığı qələbə bizim bir il bundan qabaq 44 günlük müharibədə qazandığımız zəfər kimi möhtəşəm oldu. Bu qələbə bizim danışıqlar masası arxasında qazandığımız ikinci zəfərimizdir. Əlbəttə ki, bu qələbələr Azərbaycan xalqının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılır. Əslində, İlham Əliyevin bir neçə il əvvəl elan etdiyi hücum diplomatiyasının təntənəsi budur”.