Güclü Azərbaycan naminə » Memur.az

Güclü Azərbaycan naminə

Güclü Azərbaycan naminəÖtən ilin sentyabrında Ermənistanın hərbi təxribatları nəticəsində başlamış 44 günlük müharibənin nəticələri bu gün həm də regionda yeni bir siyasi reallığın yaranması ilə assosiasiya olunur. Vətən müharibəsinin Azərbaycan tarixindəki yeri və rolu barədə yəqin ki, hələ bundan sonra çox geniş və əhatəli tədqiqatlar aparılacaq. Müharibə sıradan bir hadisə deyil, onu şərtləndirən proseslər, nəticələri bilavasitə müəyyən edən iqtisadi, geosiyasi, mənəvi-psixoloji amillər kifayət qədər müxtəlif və çoxçalarlıdır. Azərbaycan son dərəcə ziddiyyətli və mürəkkəb proseslərin cərəyan etdiyi, dünyada yeni qütbləşmə formatının meydana çıxdığı bir vaxtda bütün Cənubi Qafqazın tarixini dəyişən zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun döyüş meydanında qazandığı qələbənin yaratdığı yeni reallıqlarla indi təkcə region ölkələri deyil, həm də bölgədə maraqları olan böyük güclər hesablaşmalı olur. Prezident İlham Əliyevin Azərbaycan tarixindəki müstəsna rolu bu reallıqlarla bilavasitə bağlıdır. Lakin əldə olunan nəticə heç də asan başa gəlməyib...

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda kifayət qədər dərin iqtisadi böhran və siyasi təlatümlər dövrünə təsadüf etmişdi. Beynəlxalq münasibətlərdə bizim ölkəmizin hansı nöqtədə olduğunu izah etməyə isə yəqin ki, ehtiyac yoxdur. Ulu öndər belə bir qeyri-müəyyən tarixi şəraitdə Azərbaycanı aydın bir yola çıxarmağa müvəffəq oldu. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” sazişi imzalandı. Təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmış bu müqavilə öz tarixi, siyasi, iqtisadi və eyni zamanda, beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkətinin qoşulduğu bu müqavilə Azərbaycan tarixində “Yeni neft erası”nın başlanğıcı kimi qiymətləndirilirdi. Lakin bu həm də Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı idi.

“Əsrin müqaviləsi” zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını nəzərdə tutan strateji əhəmiyyətli saziş olmaqla yanaşı, həm də geosiyasi proseslərin yönünü dəyişə bilən mühüm tarixi hadisə idi. Məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində bu müqavilə Azərbaycanın qlobal güclərin maraqlarının uzlaşdığı bir ölkə kimi dünya siyasi arenasına çıxmasına səbəb oldu. İqtisadi və hərbi potensialın kifayət qədər zəif olduğu 90-cı illərdə rəsmi Bakının diplomatik manevr imkanları da həddən artıq məhdud idi. “Soyuq müharibə” başa çatsa da, hələ beynəlxalq münasibətlər sistemində aydın, stabil bir maraqlar zənciri yaranmamışdı.

SSRİ-nin süqutundan sonra formalaşmaqda olan və birqütblü dünyaya doğru sürətlə irəliləyən beynəlxalq münasibətlər sistemində sabit, eyni zamanda, təhlükəsiz bir mövqe seçmək zərurəti meydana çıxmışdı. Bu elə bir tarixi mərhələ idi ki, təhlükəsizlik hər zaman olduğundan daha böyük əhəmiyyət daşıyırdı. Azərbaycan dövlətinin mövcudluğu naminə ölkədə ictimai-siyasi sabitliyin, bir o qədər də xarici siyasətdə mövcud təhdid və təhlükələrin tamamilə neytrallaşdırılması mümkün görünmürdü. Ulu öndər bu geosiyasi reallığı, yeni tarixi şəraiti düzgün qiymətləndirərək onların dövlətə təsirini azaltmaq taktikasını seçdi və buna qısa müddətdə nail oldu. “Əsrin müqaviləsi”nin imzalanması isə artıq Azərbaycanı daha sabit, etibarlı bir mərhələyə çıxardı.

Azərbaycan BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və bu əməkdaşlığın ölkənin müsbət beynəlxalq imicinin formalaşmasına təsir edən alətlərə çevrilməsini təmin etməyə müvəffəq oldu. Məhz ümummilli liderin qlobal siyasi prosesləri dərindən analiz etmək bacarığı sayəsində Azərbaycan eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər nüfuzlu qurumlarla etibarlı tərəfdaşlıq münasibətləri qurdu. Ulu öndərin xarici siyasət strategiyasının əsas hədəflərindən biri əlverişli geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü olması faktını böyük güclərin regional siyasətinin önəmli elementlərindən birinə çevirmək idi. Azərbaycanın iqtisadi perspektivləri, təbii sərvətləri adım-addım regiondakı prosesləri yönləndirən ən əhəmiyyətli, bir çox hallarda hətta həlledici amil kimi çıxış edirdi. Ulu öndərin “balanslaşdırılmış xarici siyasət” konsepsiyası beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin davam etdiyi mürəkkəb bir mərhələdə Azərbaycan dövlətçiliyini mümkün təhdidlərdən qorumağa və bu təlatümlü dövrdən salamat çıxarmağa hesablanmışdı. Tarix bu strateji yanaşmanın nə qədər doğru olduğunu sübut etdi.

1990-cı illərin ikinci yarısında Azərbaycan artıq dünya birliyinin etibar edilən və sözün həqiqi mənasında bərabərhüquqlu üzvü kimi tanınırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətdə xeyli dərəcədə aydın təsəvvür formalaşmışdı. 1996-cı ildə keçirilən Lissabon sammitində Azərbaycanın qazandığı diplomatik qələbə münaqişənin nizamlanması perspektivləri ilə bağlı dünyanın qəbul etdiyi yol xəritəsinin konturlarını müəyyən etdi. Sammit zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə qəbul edilən yekun bəyanatda münaqişənin Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilməsi, bölgənin hər iki icmasının təhlükəsizliyi ilə bağlı prinsiplər əksini tapmışdı. Bu, o dövr üçün Azərbaycanın əldə edə biləcəyi ən böyük diplomatik uğur idi.

Məhz ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət konsepsiyası Azərbaycanın bütün qonşu ölkələrlə normal, qarşılıqlı faydalı maraqlara əsaslanan münasibətlər yaradılmasını təmin etdi. Regionda ciddi təsir rıçaqlarına malik qlobal güclərlə əlaqələr yeni dövrün reallıqlarına uyğun, iqtisadi və geosiyasi mənafelər kontekstində quruldu.

Prezident İlham Əliyev Heydər Əliyev yolunu davam etdirərək yeni tarixi zəfərlərin özülünü yaratdı. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin xarici siyasət strategiyası ölkənin etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş imicini yaratmağa istiqamətlənmişdi. Azərbaycan bütün platformalarda özünü beynəlxalq birliyin məsuliyyətli üzvü kimi təqdim edən yeni bir siyasi xətt nümayiş etdirdi. Bu, elə bir tarixi mərhələdə baş verdi ki, dünya, o cümlədən beynəlxalq münasibətlərin fəlsəfəsini müəyyən edən qlobal güclər etimada həmişə olduğundan daha çox ehtiyac duyurdu.

İkili standartların, riyakar çoxkombinasiyalı gedişlərin son dərəcə populyar olduğu münasibətlər sistemində etibarlı, dayanıqlı və ardıcıl siyasət yürütmək çox çətin idi. Bunu yalnız diplomatiyada çoxəsrlik manevr vərdişlərinin öz effektini itirməkdə olduğunu görmək istedadına malik siyasətçilər bacara bilərdi. Prezident İlham Əliyevin yeni dövrün ehtiyaclarını nəzərə alan hesablamaları özünü doğrultdu. Azərbaycan qısa vaxt ərzində dünyanın bir sıra aparıcı dövlətləri ilə əlaqələrini “daimi dostlar yox, daimi maraqlar var” tezisinə əsaslanan münasibətlər formulundan “daimi maraqlar və daimi dostlar” müstəvisinə keçirməyi bacardı. Bu gün, 44 günlük müharibədən sonra geriyə baxdıqda bu formulun nə qədər dəqiq hesablamalara əsaslandığını daha aydın görmək mümkündür.

Ulu öndərin siyasi xəttinin əsas hədəfi Azərbaycan dövlətini və dövlətçiliyini qorumaqdan ibarət idi. Prezident İlham Əliyevin xarici siyasət konsepsiyası isə Azərbaycan dövlətini beynəlxalq münasibətlər sisteminin güclü, etibarlı subyekti kimi dünyaya təqdim etmək oldu. Müasir Azərbaycan dövlətinin qazandığı nailiyyətlərin əsasında heç şübhəsiz ki, bu iki mühüm strateji xəttin harmoniyası dayanır. Güclü Azərbaycan həm də milli dövlətçiliyimizi təlatümlərdən xilas etmiş böyük Heydər Əliyevin xatirəsinə ehtiramın ən gözəl nümunəsidir.

Ramin Məmmədov

Milli Məclisin deputatı