Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz uşaqlar üçün iftar süfrəsi açılıb » Memur.az

Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz uşaqlar üçün iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz uşaqlar üçün iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar üçün evlərdə iftar süfrələri təşkil edilib. Lent.az-ın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (“Beyt-ul-Mal”) təşkilatının Talassemiya Mərkəzində, həmçinin Pakistanın Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə iftar süfrələri təşkil edilib.

Talassemiya Mərkəzində təşkil olunmuş mərasimdə Pakistanın neft və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi, Hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə prezidenti, Milli Assambleyanın komitə sədri Raca Muhammad Farooq, “Bayt ul Mal”ın direktoru Abdul Vahid Şeyx, senatorlar, nüfuzlu ictimai-siyasi xadimlər, ölkənin aparıcı KİV nümayəndələri, Talassemiya Mərkəzində müalicə alan uşaqlar, federal paytaxtda yerləşən uşaq evinin sakinləri iştirak ediblər.

Tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər, qardaş xalqlarımızı biri-birinə bağlayan dini, mədəni dəyərlər barədə danışıb. Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən iqtisadi inkişaf, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o cümlədən Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar layihələr barədə ətraflı məlumat verib.

“Bayt ul Mal”ın icraçı direktoru Abdul Vahid Şeyx bayram sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun “Bayt ul Mal” ilə əməkdaşlığının 2012-ci ildən başladığını bildirən Abdul Vahid Şeyx Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini deyib, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə prezidenti R.M.Farooq Talassemiya Mərkəzinin tikintisinə maliyyə dəstəyinə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib. İftar süfrəsindən sonra səfir Daşqın Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edib. Daha sonra Talassemiya Mərkəzində D.Şikarovun təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Səfir, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən digər könüllü donorlar qan veriblər.

Qeyd edək ki, Talassemiya Mərkəzində keçirilən tədbir Pakistanın dövlət və özəl televiziya kanallarında yayımlanıb, 30-dan çox qəzet və agentlik tərəfindən işıqlandırılıb.