DUYĞU » Memur.az

DUYĞU

DUYĞU
(hekayə)
- Onda mən balaca idim. Müharibə davam edirdi. Babam - şair Tapdıq Əlibəylinin süngüyə çevrilmiş qələmi nizami, müzəffər ordunun şücaətini, Ali Baş Komandanın “Bir addım da geriyə çəkilmədən ancaq irəli!” əmri ilə misilsiz qəhrəmanlıqlar göstərən döyüşçülərimizi vəsf etməkdəydi:

Ordumun müzəffər, haqq səsi gəlir,
Qələbə qoxulu nəfəsi gəlir...
Allahın da xoşu, həvəsi gəlir,
"İrəli!" marşından Azərbaycanın!

...Tapdıq Əlibəyli iş otağından nə çıxır, nə də kimsəyə ora girməyə icazə verirdi. Nənə ilə nəvə mətbəxdə idilər.
- Qızım, dur get babanı çağır, de ki, yeməyi soyuyur, - deyə Zivər xanım bozbaş dolu boşqabı süfrəyə qoydu. Uşaq “Əlifba” kitabını bağlayıb ağıllı gözlərini nənəsinə zilləyərək: - Nənə, indicə çağıraram, amma baba bayaqdan nəsə yazır axı, birdən mənə acıqlanar...
- Baba hamıya acıqlansa da, sənə acıqlanmaz, mənim balam, - deyə, nənə təbəssümlə Duyğunun başını tumarladı.
Qızçığaz ehtiyatlı addımlarla qapıya yaxınlaşdı. O, bilirdi ki, belə vaxtlarda babasının diqqətini yayındırmaq xoş deyil... Duyğu tərəddüdlə qapını aralayıb içəri keçdi. Babası ilə üzbəüz dayandı.
- Nədi, mələyim?- baba işindən ayrılmadan sakit tərzdə soruşdu.
- Nənə dedi, yeməyin soyuyur, - deyə, gözünü kompüterin ekranındakı yazıya
zillədi.

- Yaman yorulmuşdum, indi rahatam,
Hələ gəlməyimi bilməsin atam...
Şəhid dərgahında istədim yatam...
Şəhid məqamına ucaldım, Ana!
Can qurban demişdim Azərbaycana!..

Nə gözlərinin qızartısından, nə də yanağını islatmış, üzündə bərq vuran göz yaşlarından xəbəri olan şair nəvəsinə tərəf döndü. Duyğu birdən babasını belə halda görəndə doluxsunub hıçqırtı ilə ağladı...
Şair nəvəsini bağrına basaraq: - Niyə ağlayırsan, mənim balam?.. -deyə, nəvəsini ovundurmağa çalışdı.
- Baba, axı sən ağlayırsan, - deyə, qızcığaz balaca əlləriylə göz yaşlarını sildi, sonra babasına ciddi tərzdə - “Mən elə birinci gün “beş” alanda sən dedin ki, babana söz ver, sən həmişə “beş” alacaqsan”. İndi sən də mənə söz ver ki, heç vaxt ağlamayacaqsan!
-Hanı?.. Mən ağlamıram ki, bir az tərləmişəm, Duyğum, - deyə, şair dəsmalla
göz yaşları ilə islanmış yanağını sildi...
Şairin yaddaşında bir vaxt süd qoxulu nəvəsi Duyğunun məsum göz yaşlarından mütəəssir olaraq yazdığı “Qol-boyun olmusan göz yaşlarınla” adlı şeirindən misralar yarpaqlandı:

Bağrımın başını kabab elədin,
Hönkürtünlə sanki atəş ələdin,
Kamantək sızladın, neytək inlədin,
Qol-boyun olmusan göz yaşlarınla.

Çatılıb dünyanın sanki qaşları,
Yuyur göz yaşların o qırışları.
Bəlkə, təmizləyə bulaşıqları...
Qol-boyun olmusan göz yaşlarınla...

Vətən müharibəsi şairin evində də gedirdi. Müharibənin gurultu səsləri beynində, hər sətrində əks-səda verirdi. Dişlərini qıcaraq kompüter arxasında klavişləri vurur, oradan cıxan hər səs düçüncəsində PUA-larımızın düşmən üzərinə şığıyaraq yağdırdıqları bombalardan xəbər verirdi. Günün cox hissəsini o, silaha çevirmiş qələmi ilə media məlumatlarına istinadən müzəffər ordumuzun rəşadətini, qəhrəmanlıqlarını vəsf edir, mənfur düşmənə hədsiz nifrətini, Azərbaycanımıza tükənməz sevgisini şeiriyyətə çevirirdi...

Əsir torpaqlara dəyir ayağım...
Uğrunda qaynayır qan, Qarabağım!
Ali Baş Komandan - Döyüş Bayrağım,
Vətən savaşında Azərbaycanın!

O gündən xeyli keçmişdi. Nənəsi Duyğuya dedi: -Yaxşı, qızım, dərs tapşırıqlarını hazırladın, dur bir az gəz, get gör baban neynir?.. Uşaq bunu gözləyirmiş kimi de bayaq durdu. O, pəncələri üstə babasının iş otağının qapısına çatdı. Qapının əlcəyindən az qala sallana qalıb açdı. Baba nəvəsinin gəlişini görüb ona tərəf döndü. Onun üzü gülsə də, gözləri həm qızarmışdı, həm də nəm çəkmişdi...
Duyğu ciddi, küsəyən halda: -Baba, məni aldada bilməzsən, sən yenə ağlamısan. Gözlərin yaşdı...
-Hə, qızım, hə!- deyə, şair nəvəsini dizinin üstə aldı. Ağlamışam, özü də cox!.. Amma bu sevinc göz yaşlarıdır, Duyğum! Kaş həmişə belə ola!..
DUYĞU
-Sevincdən də ağlayırlar? - uşaq təəccüblə babasının düz gözlərinin içinə baxaraq soruşdu.
-Hə, gözümün işığı, - deyə, babası onun alnından öpərək sözünə davam etdi: - İnşallah böyüyərsən, görərsən ki, sevincdən necə ağlamaq olur...
Şair bir anlığa fikrə getdi. Dünyalar qədər onun üçün əziz olan nəvəsinin məsum, təəccüb dolu baxışlarından əməlli-başlı təsirlənmişdi. O, nəsə demək istəyirdi.
-İndi sənə baban gör daha nə deyəcək... Şair nəvəsinin alnından təkrar öpərək doluxsunmuş üz-gözünü gizlətməyə çalışdı. Qırıq-qırıq, titrək-boğuq səslə: “Ordumuz illərdir ki, işğal altınada olan torpaqlarımızı düşmən tapdağından azad edib...” Sözlər boğazında düyünləndi, sanki nəfəsi kəsiləcəkdi. Qəhər şairi danışmağa qoymurdu... Hanan-hana sözünə davam etdi: -Düşmən məğlub olub. Biz qalibik! Şuşada zəfər bayrağımız dalğalanır, Duyğum! Biz 8 Noyabr 2020 -ci il tarixini bundan sonra Qələbə günü, bayram kimi qeyd edəcəyik. Sevinc göz yaşlarına indi bütün evlərimizdə rast gəlmək olar, mənim balam!
Duyğu da doluxsunmuşdu. Bu balaca qızcığaz indi başa düşdü ki, sevincdən adam necə ağlayarmış. O, gözlərini silib, nəsə demək istədi. Baba bunu hiss edərək özü soruşdu: - Nəsə demək istəyirsən? De, mənim gözəl qızım!
-Baba, indi sənin vaxtın olacaq məni gəzməyə aparmağa? Şuşaya da apararsan...
-Hə, qızım! Hara istəsən, nə qədər istəsən! Lap elə Şuşanın özünə də! - deyə, babası onu qucağına alıb otaqdan çıxdı. Baba-nəvə çox xoşbəxt idilər.

Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı...
Payız çöhrəsində yazdı 44 Gün.

Şair xəyallar qanadında pərvazlandı, təsəvvüründə belə bir səhnə canlandı: İllər ötəcək, Duyğu rəfiqələri, tanışları arasında deyəcəkdi : - Onda mən balaca idim. Məktəbə-birinci sinfə heç iki həftə deyildi ki, gedirdim. 27 sentyabr, bazar günü sübh tezdən erməni faşistlər genişmiqyaslı hücuma keçdilər. Vətən müharibəsi başladı. Düşmən şanlı ordumuzun “Dəmir yumruq” müqavimətinə tab gətirməyib qaçdı. Müharibə ordumuzun qələbəsi ilə qurtardı. Mənsə hələ də birinci sinfə gedirdim... Babam isə 44 günlük zəfər savaşımıza “Payız çöhrəsində yazdı 44 gün” adlı kitab həsr etdi... Bu kitabın adı, son nöqtəsi həm də babamın Qələbəmizdən döğan sevinc göz yaşlarının rəmzidir. Babam demişdi ki, bu, sevinc göz yaşlarımdı, qoy axsın... Axı bu göz yaşlarına illər idi ki, tamarzı qalmışdıq, mənim balaca Duyğum!
Bakı. iyul 2021-ci il
Yusif Əlizadə, yazıçı, kinorejisssor,
Azərbaycan Kinematoqrafçılar İttifaqının,
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü