Qənirə Paşayeva Tovuzda məktəblilərlə görüşüb » Memur.az

Qənirə Paşayeva Tovuzda məktəblilərlə görüşüb

Qənirə Paşayeva Tovuzda məktəblilərlə görüşüb

Qənirə Paşayeva Tovuz rayonunun Dönük Qırıqlı kəndində müəllim və şagirdlərlə görüşüb.

Lent.az-ın məlumatına görə, millət vəkili məktəbin əsaslı təmiri ilə bağlı təkrar hökumətə müraciət edəcəyinə söz verib. Deputat deyib ki, Dönük Qırıqlı kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir.

Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gənc eyni zamanda orta məktəb illərindən tarixi, ədəbiyyatı yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva deyib ki, gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaret, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir.

Q.Paşayeva uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

Millət vəkili gəncləri təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik," - Qənirə Paşayeva deyib.

Görüşün sonunda Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.