Nazirlik 43 nəfər insan alveri qurbanına yardım edib » Memur.az

Nazirlik 43 nəfər insan alveri qurbanına yardım edib

Nazirlik 43 nəfər insan alveri qurbanına yardım edib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardımlar göstərib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verdiyi məlumata görə, onlardan 43 nəfəri Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanı, qalan 17 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olub.

Qeyd olunan insanlardan 9 nəfərinə hüquqi, 6 nəfərinə tibbi, 10 nəfərinə psixoloji yardımların göstərilməsi, 1 nəfərinin sığınacaqda yerləşdirilməsi təmin edilib. 12 nəfərin məşğulluğunun təminatına, daha 12 nəfərin peşə reabilitasiyasına cəlb edilməsinə köməklik göstərilib, 1 nəfərinin ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün müvafiq rayon ƏSMM-ə müraciət olunub. Digər şəxslərin də zəruri yardımlarla təminatı istiqamətində işlər aparılıb və ayrı-ayrı şəxslər ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növləri ilə təmin ediliblər.

Qeyd edək ki, bu ilin 6 ayında Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, insan alveri ilə bağlı ictimai məlumatlandırma sahəsində Mərkəz tərəfindən tədbirlər davam etdirilib. Respublikanın bölgələrində (Şirvan, Şəki, Quba, Lənkəran şəhərləri, Şamaxı, İsmayıllı, Xaçmaz, Salyan, Neftçala, Kürdəmir, Cəlilabad, Ağstafa, Qazax, Gəncə, Şəmkir və s.) əsasən gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə mərkəzin əməkdaşları insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə interaktiv şəkildə məlumatlar veriblər.