Avropada Bakını yaşadacaq geyimlər - REPORTAJ » Memur.az

Avropada Bakını yaşadacaq geyimlər - REPORTAJ

Avropada Bakını yaşadacaq geyimlər - REPORTAJ

Üzərində "Bakı-2015 I Avropa Oyunları" yazısı olan köynəklər, koftalar, Nar, Ceyran rəsmləri, müxtəlif qolbaqlar və suvenirlər... Bütün bunlar bir arada "Baku-2015 Avropa Oyunları" adlı rəsmi satış məntəqələrində... Hər kəs bu mağazalara gəlib buradan istədiyi hədiyyəni ala bilər.

İdman arenalarının girişində və ya Dənizkənarı Bulvar ərazisində yerləşən satış məntəqələrində daha çox milli üslubda məhsullar satışa çıxarılıb. Gün ərzində yerli sakinlərlə bərabər bura müxtəlif ölkələrdən paytaxta gələn əcnəbilər gəlir.

Şəkinin ipək kəlağayısı, naxışlanmış armudu stəkanlar, nərd və milli gəlinciklər turistlərin daha çox marağına səbəb olur.

Nəsib Fətullayev: "Mən Avropa Oyunlarını izləmək üçün Rusiyadan gəlmişəm. Bir neçə gündən sonra geri qayıdacağam. Düşünürəm ki, orada yaşayan dostlarıma buradan Bakı-2015 yazılan geyimlər və aksesuarlar alacağam. Hazırda gümüş suvenir almışam. Əslində orada olan dostlarımın çoxu Oyunlara baxmağa gəlmək istəyirdi, amma təəssüf ki gələ bilmədilər".

Kembo Vola: "Bakı çox xoşuma gəldi. Sizin şəhəriniz möhtəşəmdir. Böyük binaları olan müasir və qədim Bakıya baxmaq maraqlıdır. Buradan dostlarım üçün hədiyyə alacağam. Elə özümə də Bakını xatırladan hədiyyələr seçmişəm".

Satış mərkəzində xanımlar da unudulmayıb. Burada rəngbərəng qısaqol köynəklər, çantalar və xanımların zövqünə uyğun incə şərflər satışa çıxarılıb.

Lüksemburqdan ölkəmizə gələn xanım İzabel Klou iyun ayının 10-dan artıq paytaxtımızdadır. O, Lüksemburqun voleybol komandasının çalışdırıcısıdır. Deyir ki, I Avropa Oyunlarının təşkilatçılığı onu valeh edib. Ümumilikdə isə Bakı onun üçün unudulmaz xatirəyə çevrilib.

İzabel Klou: "Şəhəriniz olduqca gözəldir. İnsanlar isə səmimi və dostcanlıdırlar. Avropa Oyunlarını çox bəyəndim. Burada möhtəşəm təşkilatçılıq gördüm. Gedərkən özümlə dostlarıma və ailəmə suvenirlər almaq istəyirəm".

Məhsulların uyğun qiyməti və geniş çeşidi yerli insanlar və xarici qonaqlar üçün Oyunları daha rəngarəng edir. İndi idman arenalarında tamaşaçıların üzərində "Bakı-2015" yazısı olan kifayət qədər geyimlərə rast gəlmək olur.

Qeyd edək ki, mağazanın girişindən solda xüsusi məhsullar düzülüb. Bunlar eksklüziv məhsullardır. Bu sıradakı qadın və kişilər üçün nəzərdə tutulmuş köynəkləri alıcılar digər mağazalarda görə bilməyəcəklər. Eləcə də digər mağazada olan hər hansı bir eksklüziv məhsul burada olmayacaq.

PR-menecer Günay Novruzqızı deyir ki, "Bakı-2015" məhsullarına təkcə turistlər deyil, elə yerli sakinlər də maraq göstərir: "Bu müddət ərzində ölkəyə gələn turistlər daha çox milli üslubda olan suvenirlərə üstünlük verirlər. Onlar buradan geyimlərlə yanaşı, nərd alırlar. Amma qeyd edim ki, köynəklər və papaqlar bu günlər ərzində daha çox satılıb. Çünki onları insanlar üzərlərində daha rahatlıqla daşıya bilirlər".

Satış mərkəzindən onu da öyrəndik ki, bu tip məhsullar oyunların keçirildiyi Mingəçevir şəhərində də satışa çıxarılıb.

Hər halda, qiymətindən asılı olmayaraq, istənilən ölkədən gətirilən suvenir həm o ölkənin tarixinin, mədəniyyətinin, həm də milli-mənəvi dəyərlərinin göstəricisi və ömürlük yadigardır. İndi Avropanın istənilən ölkəsində xatirə olaraq Azərbaycanın - Bakının əksi yaşayacaq.