Allah ordumuzu və Azərbaycanı sevənləri qorusun! » Memur.az

Allah ordumuzu və Azərbaycanı sevənləri qorusun!

Allah ordumuzu və Azərbaycanı sevənləri qorusun!Yaşamaqda olduğumuz bu günlər həqiqətən də müstəqil Azərbaycan dövlətçiliyi tarixinə şərəf və qürur səhifələri kimi yazılacaq.

30 il boyunca davam edən işğal faktı təkcə ərazi bütövlüyümüzün pozulması demək deyildi. Bu, təkcə hərbi təcavüz demək deyildi, təkcə müstəqilliyimiz hədəfə alınmamışdı. Milli qürurumuza qəsd olunmuşdu. Dünya dövlətləri və xalqları arasında tarixən haqq etdiyimiz ləyaqətli duruşumuzun sındırılmasına cəhd göstərilmişdi. Bütün bunlar yaşadığımız illərin acı həqiqətləridir.

Bu tarixi günlərdə keçirdiyimiz hisslər isə, 30 il ərzində hər bir azərbaycanlının, Azərbaycan xalqının hər keçən gün yaşadığı mənəvi iztirabın, qürur sınıqlığının canımızdan çıxmaqda olan acısının hər birimizə gətirdiyi mənəvi rahatlıq və tarazlığın ifadəsidir.

İstər 1-ci Qarabağ savaşında, istərsə də atəşkəs dövründə minlərlə şəhid verdik, qazilərimiz var. Bu gün də şəhid veririk. Lakin şəhidsiz milli qürur qorunmur, ləyaqətli qələbə qazanılmır, ərazi bütövlüyü hədiyyə edilmir. Milyona yaxın qaçqın və köçkünümüzün intizarına, Qarabağ intizarımıza son qoyulması naminə veririk şəhidlərimizi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, ana və bacılarımıza, ata və qardaşlarımıza, xalqımıza səbr versin.

Şəhidlik zirvəsinə ucalanlar Azərbaycanın əbədi qürur mənbəyidir!

Prezident cənab İlham Əliyev oktyabrın 7-də “CNN-Türk” televiziyasına verdiyi müsahibədə belə bir fikir söylədi:

“Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Ona görə, fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır”.

Dövlətimizin başçısının bu açıqlaması onu göstərir ki, ordumuzun uğurlu əks əməliyyatları nəticəsində ardıcıl hərbi məğlubiyyətin bizə tanış olan acısını artıqlaması ilə yaşayan işğalçı Ermənistanın avantürist və təcavüzkar siyasi hakimiyyəti kürəyini yerə vurmamaq üçün vurnuxur, dinc oturmur, həmişə olduğu kimi,yenə də xarici havadar axtarışındadır. Amma xeyri yoxdur, bu dəfəki çabalamaları əbəsdir.

Çünki Prezident və Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi ordumuzun və Azərbaycan xalqının apardığı mübarizə haqq uğrunda olan mübarizədir, tarixi ədalətin bərpası naminə verilən savaşdır. Bu Vətən müharibəsində haqq da, beynəlxalq hüquq da Azərbaycan dövlətinin tərəfindədir. Uca Tanrı haqqı nahaqqa heç vaxt qurban verməyib və möhtac etməyib, inşəallah, indi də etməz!

Dövlətimizin başçısının qeyd etdiyi kimi, düşmən döyüş meydanında hərbi məğlubiyyətlərin acısını yaşasa da, informasiya savaşında müqavimət göstərir, ən çirkin üsullara və təxribatlara əl atır. Ermənistan bununla yanaşı, hərbi təxribatlarını da davam etdirir.

Döyüş bölgəsindən on kilometrlərlə uzaqlıqda yerləşən Gəncəyə, Mingəçevirə, Yevlaxa, Xızıya və Abşerona, digər rayonlarımıza Ermənistan ərazisindən atılan raketlər, kasetli bombalar təkcə beynəlxalq konvensiyaların və beynəlxalq humanitar hüquq normalarının pozulması demək deyil, bunun adı müharibə və insanlığa qarşı cinayətdir.

Bütün bunlara baxmayaraq, ordumuz uğurlu hərbi əməliyyatlarını məhz Azərbaycan ərazisində, Qarabağda davam etdirir.

Xalqımızı haqq etdiyi həlledici Böyük Qələbə gününə, Qarabağa, qədim Şuşamıza, Xanın kəndinə qovuşdurmaq üçün, qondarma Stepan adını toponim olaraq Azərbaycan, Qarabağ tarixindən birdəfəlik silmək üçün.

Prezident İlham Əliyev “CNN-Türk” televiziyasına müsahibəsində xalqımızın qürur duyduğu bir tarixi məqama xüsusi diqqət yetirdi:

“Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün”.

Allah bu haqq və ədalət savaşında ordumuza və xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri, haqqın yanında olanları qorusun!

Milli Məclisin deputatı

Ülvi Quliyev