Parlamentin komitə sədri: “Gələcəyimizi görə bilmirdik, çox əndişəli idik” » Memur.az

Parlamentin komitə sədri: “Gələcəyimizi görə bilmirdik, çox əndişəli idik”

Parlamentin komitə sədri: “Gələcəyimizi görə bilmirdik, çox əndişəli idik”“1993-cu ildə 10-cu sinifdə oxuyurdum. Təhsil aldığım orta məktəb 1 saylı fizika, riyaziyyat və informatika təmayüllü lisey idi. Milli Məclisə yaxın ərazidə yerləşdiyindən siyasətdə baş verənləri istər-istəməz diqqətlə izləyirdik. Çünki o zaman hər şey, xüsusilə də qızğın siyasi oyunlar Milli Məclisdə cərəyan edirdi”.

Bunu Memur.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 15 iyun – Milli Qurtuluş Günündən danışarkən deyib.

Deputat həmin dövrün şagirdlərinin siyasətlə daha çox maraqlanmalarının səbəbindən söz açıb.

Qeyd edib ki, bütün müəllimlərin dərsdə siyasətdən danışmaları bunda rol oynayırdı.

“O zaman ölkədə vəziyyət həddən artıq pis idi. Biz uşaq olsaq da, bunu görürdük, yaşayırdıq. Şam yeməyimiz çox vaxt otaqda qızdırıcı üzərində isitdiyimiz quru çörək olurdu. Aclıq və səfalət idi. Pul “ölmüşdü”. 1700 faizlik inflyasiyanı, 243 faizlik devalvasiyanı indi təsəvvür etmək belə mümkün deyil.

Rayon və şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. Qarabağda döyüşməli olan ordu Bakıya hücum çəkmişdi. Ölkədə parçalanma prosesi gedirdi”, - deyə T.Mirkişili həmin dövrləri xatırlayıb.

Millət vəkili qeyd edib ki, həmin şəraitdə on altı yaşlı uşaqları ölkənin gələcəyinin necə olacağı çox maraqlandırırdı:

“Öz gələcəyimizi görə bilmirdik. Çox əndişəli idik. Təbii ki, biz şagird olaraq bu kimi məsələlərlə bağlı müəllimlərimizə tez-tez suallar verirdik. Heç olmasa, onların cavablarında özümüzə gələcək axtarırdıq.

Əksər müəllimlərdən isə eyni cavablar alırdıq: “Bu ölkəni yalnız Heydər Əliyev xilas edə bilər”.

Verilən bu cavablar biz uşaqlarda qəribə bir ümid yaradır, ölkəni pis vəziyyətdən çıxaracaq bir qüvvənin mövcudluğundan ruhlanırdıq. İçimizdə gələcəyə inam yaradırdı.

Gerçək bu idi ki, hansısa qüvvələr o zaman biz yaşda uşaqlara ölkəmizi pis vəziyyətdən çıxaracaq həmin o qüvvəni göstərmək, tanıtmaq istəmirdilər.

Görünür, elə buna görə bizim üçün o zaman Heydər Əliyev şəxsiyyəti məchul idi. Çünki biz yaşda olanlar nə onu görmüşdü, nə də onun haqqında informasiya malik idi. Amma bu sual hər birimizi bir uşaq olaraq getdikcə daha dərin düşündürürdü: “Axı o kimdir? Haradadır?” O zaman internet yox idi, onun haqqında informasiya bizim üçün yox dərəcəsində idi.

Mən ulu öndər Heydər Əliyev haqqında ilk dəfə atamdan eşitdim. Onun ilk dedikləri indiki kimi yadımdadır: “O, bu ölkənin əsl rəhbəri idi, işini yerinə yetirə bilməyənlər onun bir baxışından belə çəkinirdilər. Bu ölkənin rəhbəri o olmalıdır, yoxsa Azərbaycan olmayacaq”.

Məhz o zaman məndə böyük bir inam yarandı. Sonrakı baş verənlər isə bu inamı əbədi və sarsılmaz etdi. Bu gün həmin gündür!

15 iyun 1993-cü ildə Azərbaycan yox olmaqdan qurtuldu. Allah bu millətin üzünə baxdı. Çox çətin, məşəqqətli bir yol keçdik. Dövlət xainlərdən, satqınlardan xeyli təmizlənərək gücləndi və dirildi. Qurtuluşdan dirilişə keçdik”.

Komitə sədri hesab edir ki, bu gün hər bir təhlükəyə sinə gərə bilən dövlətimiz, güclü ölkə başçımız var.

“Bayrağımız ən uca kürsülərdə dalğalanır, hər kəs hesablaşır bizimlə, istəməsələr də belə. Qurtuluş günü bunu bizə verdi!

Azərbaycan xalqı var olduqca, tarix durduqca ulu öndərin qurtuluş addımlarının səsi hər zaman eşidiləcək. O addımlar bizi daim xoş gələcəyə aparacaq. Onun 1993-cü ildəki andı təkcə həmin an üçün deyildi, bu xalqın, dövlətin 100 il, 1000 il sonrası üçün idi. Çox şükür ki, bu gün o andın ardıcılları onun ideyalarını şərəflə daşıyırlar!”