Deputat bəzi məhkəmə sədrlərini hədəfə aldı » Memur.az

Deputat bəzi məhkəmə sədrlərini hədəfə aldı

Deputat bəzi məhkəmə sədrlərini hədəfə aldı“Məhkəmə-Hüquq Şurası indiyə qədər öz səlahiyyətləri çərçivəsində məhkəmə-hüquq sistemində şəffaflığın, ədalətin və qanunun aliliyinin təmin edilməsi yönündə müvafiq addımlar atıb. Məhkəmə-Hüquq Şurasının qanunsuzluğa yol verən bəzi hakimlərlə bağlı son qərarlarını isə alqışlayıram”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

O bildirib ki, məhkəmələr ədalətə söykənməli və bununla da qanunun aliliyini təmin etməlidir.  

Deputatın fikrincə, dövlət tərəfindən aparılan islahatlar məhkəmə sistemində də neqativ halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

F.Ağamalı Azərbaycanda bəzi məhkəmə sədrlərinin hakimlərə təzyiq etdiyini də bildirib.

“Bəzi məhkəmə sədrlərinin hakimlərə təzyiq etməsi halları var. Bu, yolverilməzdir. Hakimlər tam müstəqil olmalıdır və onların prosesdəki fəaliyyətinə heç bir müdaxilə edilməməlidir. Məhkəmə hakimlərinin qanundan başqa istinad yeri olmamalıdır”, - deyə F.Ağamalı əlavə edib.

Xatırladaq ki, mayın 19-da Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. 

Bildirilib ki, son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb. Aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib.

İki nəfərin səlahiyyətlərinə xitam verilib, yeddi nəfər tutduğu vəzifədən azad olunub.

Müşavirədə o da vurğulanıb ki, son aylarda Ali Məhkəmənin beş hakimi aşağı işə keçirilib, yeddisinin isə səlahiyyət müddəti uzadılmayıb və faəliyyətlərinə xitam verilib.